Oğlunun günahkar olduğu YNH-dən sonra işdən azad edilən “Xəzər gəmiçiliyi” (Kaspar) QSC-nin rəis müavini Mübariz Mədətov ilk dəfə jurnalistlərlə danışıb.
Oxu.Az haqqın.az-a istinadən xəbər verir ki, sabiq məmurun qeyd etdiyinə görə, dövlət başçısı tərəfindən onun işdən azad edilməsi haqqında qəbul olunan qərar ədalətlidir.
“Mənim işdən azad edilməyim doğru qərar idi. Çünki səbəbsiz nəticə olmur”, - Mədətov deyib.
“Oğlumun hərəkətinə görə heyfsilənirəm. İndi o həbsxanadadır, cəzasını çəkir. Biz məhkəmənin qərarını gözləyirik və Allaha ümid edirik. Amma əsl faciə digər ailədə baş verib. Bəli, mənim oğlum səhv edib və cəzasını çəkir. Xalq artistinin ailəsi böyük faciə yaşayıb”, - deyə o bildirib.
Xatırladaq ki, mart ayının 15-də X.Mədətov sərxoş halda öz “Mercedes-Benz G-55” avtomobili ilə xalq artistinin oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə A.Abdullayevin oğlu, gəlini ağır xəsarət alıblar. Həyat yoldaşı və nəvəsi isə vəfat edib. Bundan dərhal sonra Xalid Mədətov həbs edilib, atası isə Kasparın rəis müavini vəzifəsindən azad edilib.