İsmayıllı rayonunun Yeniyol kəndinin sakinləri yolsuzluqdan əziyyət çəkirlər.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, kəndin yollarında ancaq atla və ya "Niva" avtomobili ilə hərəkət etmək mümkündür.
"XXI əsrdə insanların bu cür yolsuzluq şəraitində yaşamağa məhkum olmaları başadüşülən deyil. Dəfələrlə aidiyyəti üzrə müraciət etmişik, amma səsimizi eşidən və bir tədbir görən yoxdur", - deyə şikayətdə bildirilir.
İsmayıllı Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansındadır.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, Yeniyol kəndinin iki kilometrlik hissəsi qurumun balansındadır.

"Həmin yolun tam olaraq əsaslı yenidənqurulması ilə bağlı təkliflər hazırlanıb və dövlət proqramına salınması üçün aidiyyəti üzrə göndərilib. Bu məsələ dövlət proqramına salınandan sonra maliyyə vəsaiti ayrılacaq və yol əsaslı şəkildə yenidən qurulacaq", - deyə A.Nəcəfli vurğulayıb.
Əzizə İsmayılova