"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" (MƏAK) İctimai Birliyi Koreya Respublikasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Mina qurbanları üçün iqtisadi imkanların yaradılması - Faza 3" layihəsinin icrasını başa çatdırıb.
Oxu.Az xəbər verir ki, layihə Koreya hökumətinin "İTF İnsan Təhlükəsizliyinin Artırılması" proqramı çərçivəsində maliyyələşdirilib və məqsəd mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasına dəstək göstərmək olub.
Məlumata görə, layihə çərçivəsində Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında yaşayan mina qurbanlarının kiçik ailə təsərrüfatları yaratmaları üçün zəruri maddi dəstək təmin edilib. Təşəbbüs yoxsulluğun azaldılması, ailə gəlirlərinin artırılması, gender bərabərliyinin təşviqi, eləcə də mina qurbanlarının ailələrində yaşayan uşaqların rifahının yaxşılaşdırılmasına yönəlib.
Benefisiarların müəyyənləşdirilməsi məqsədilə ANAMA və mina problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatları ilə görüşlər keçirilib. Beş rayonda ümumilikdə 52 mina qurbanının vəziyyəti araşdırılıb, onlardan 12 nəfər (11 kişi və 1 qadın) layihənin birbaşa benefisiarı seçilib.
Seçilmiş şəxslərə öz fəaliyyət istiqamətlərinə uyğun avadanlıq, mal və materiallar təqdim olunub. Layihədən benefisiarların 56 ailə üzvü də birbaşa faydalanıb. Bundan başqa, layihə çərçivəsində alınan avadanlıqların satışını həyata keçirən 27 nəfər də layihənin dolayı benefisiarları hesab olunur.
Qeyd olunub ki, layihə iştirakçılarının hamısı mina partlayışlarından zərər çəkmiş mülki şəxslərdir. Onlardan üçü şəhid ailəsinin üzvü, dördü minatəmizləmə əməliyyatları zamanı xəsarət alan şəxs, biri isə polis əməkdaşı olub.
Aparılan monitorinqlər nəticəsində benefisiarların yaradılan biznes fəaliyyətlərini davam etdirdikləri, öhdəliklərə əməl etdikləri və artıq bəzilərinin istehsal etdikləri məhsullardan gəlir əldə etdikləri müəyyən olunub.