Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Küləyin sürəti saniyədə 40 metrə çatacaq - PROQNOZ - VİDEO
Yanvarın 17-də Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.
Bunu Oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq Xəzər dənizinin akvatoriyasında şiddətli şimal küləyi əsəcək:
“Küləyin maksimal sürətinin saniyədə 35-40 metrə qədər olması proqnozlaşdırılır. Dənizdə dalğanın hündürlüyü 6-8 metr və daha çox ola bilər. Bu da ifrat təhlükəli hidrometroloji hadisə kimi qiymətləndirilir. Bununla bağlı bütün əlaqədar təşkilatlara, qurumlara xəbərdarlıq göndərilib.
Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və Milli Hidrometeorologiya Departamentində Qərargahlar yaradılıb. Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı müvafiq təşkilatlara tövsiyə verilib”.
Umayra Tağıyeva bildirib ki, şiddətli külək Bakıda və Abşeron yarımadasında da gözlənilir:
“Havanın maksimal sürəti saniyədə 35-38 metrə kimi şiddətlənəcək. Buna görə yaşlıları və azyaşlı uşaqları nəzarətsiz qoymaq olmaz. Kəskin hava şəraiti ölkə ərazisində qarla müşahidə olunacaq. Yanvar ayının 16-dan 17-nə keçən gecə Naxçıvan Muxtar Respublikasında, Qazax-Gəncə bölgəsində bu proses başlayacaq.
Digər rayonlarda da kəskin hava şəraiti müşahidə olunacaq. Dağlıq və dağətəyi rayonlarda qarın intensiv yağması proqnozlaşdırılır. Gözlənilən qarlı hava şəraiti ilə bağlı respublikanın dağlıq və dağətəyi rayonlarında yollar buz bağlayacaq”.
“Respublikanın aran rayonlarında sulu qar, daha sonra qarın yağma ehtimalı var. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun anomal gedişi gözlənilir. Belə ki, yanvarın 17-də havanın temperaturu beş dərəcəyə yaxın olsa da, gündüz saatlarında maksimal temperatur müsbət 1-2 dərəcədən yüksək olmayacaq.
Biz açıqlamamızda da bildirmişik ki, Bakıda və Abşeron yarımadasında yanvarın 17-də yağıntılı hava şəraiti gözlənir. Yağıntının sulu qara və arabir qara keçməsi ehtimalı var. Daha çox sulu qar müşahidə olunacaq”, - deyə direktor qeyd edib.
İlhamə Əbülfət
Video : İlhamə Kələyeva, Orxan Hüseynzadə
Rəylər