“ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycanda BMT İnkişaf proqramı ilə birlikdə Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı bir sıra proqram və layihələr həyata keçirir”.
Oxu.Az-ın məlumatına görə, bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin missiya direktoru Mikaela S.Meredis deyib.
M.S.Meredisin sözlərinə əsasən, bu layihələrin bir hissəsi gənclərlə işlə bağlıdır.
“Biz gəncləri cəmiyyətin çox vacib hissəsi hesab edirik. Bunlardan biri gənclərin işsizlik məsələsi ilə bağlıdır. Digəri isə Beynəlxalq Miqrasiya təşkilatı ilə birlikdə reallaşan insan alverinə qarşı müxtəlif proqramlardır. Biz həmçinin UNDP ilə fiziki məhdudiyyəti olan insanların təhsili proqramlarına öz töhfəmizi veririk. Bununla yanaşı, Azərbaycan gənclərinə korrupsiya və onun nəticələri barədə məlumatlar veririk”, - deyə missiyanın direktoru bildirib.
M.S.Meredis maliyyələşdirilən təhsil proqramları barədə də məlumat verib.
“Bunlardan biri “Flex” proqramıdır. Bu geniş qlobal proqramdır, 20 ildir həyata keçirilir. Bu layihə tam ABŞ tərəfindən maliyyələşdirilir və şagirdlər 1 il ərzində ABŞ-da təhsil alırlar. Həmçinin universitet tələbələri üçün bir semestr ABŞ-da təhsil nəzərdə tutan layihəmiz var. Bu kimi layihələr ingilis dilini, ABŞ mədəniyyətini öyrənməyə imkan verir”, - deyə M.S.Meredis qeyd edib.
N.O.