"Azərbaycan sülhməramlılarının iştirak etdiyi əməliyyatlar onların döyüş təcrübəsini daha da zənginləşdirib. Eyni zamanda bu, hərbçilərimizin öz bilik və bacarıqlarını digər ölkələrin sülhməramlıları ilə bölüşməsinə imkan yaradıb".
Oxu.Az xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Müdafiə Nazirliyinin birgə hazırladıqları "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat" üçün yazdığı ön sözdə bildirib.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan sülhməramlıları ölkəmizin üzərinə qoyulan məsuliyyətli və şərəfli missiyanı ən yüksək səviyyədə, layiqincə Kosovo, İraq və Əfqanıstanda yerinə yetiriblər:
"2019-cu ilin yanvar ayından etibarən Azərbaycan Ordusunun hərbi qulluqçuları Birləşmiş Millətlər Təşkilatının Cənubi Sudan Respublikasında həyata keçirdiyi sülhməramlı missiyasında hərbi müşahidəçi qismində beynəlxalq təhlükəsizliyə töhfələrini verməyə davam edirlər.
1999-cu ildən bu günə qədər Azərbaycan Ordusunun 3 mindən çox hərbi qulluqçusu dünyanın müxtəlif regionlarında keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib. Azərbaycan Ordusunun sülhməramlılarının fəaliyyətləri tərkibində xidmət keçdikləri sülhməramlı qüvvələrin komandanlığı, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən daim yüksək qiymətləndirilib".
O əlavə edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılan və müxtəlif inkişaf mərhələlərindən keçmiş sülhməramlı qüvvələrimizin müasir tələblərə cavab verməsi üçün durmadan işlər aparılır:
"Sülhməramlı qüvvələr müasir silah və texnika ilə təchiz edilir, şəxsi heyətin xüsusi hazırlıq proqramları təkmilləşdirilir.
Hazırda beynəlxalq sülhün qorunmasına köməklik göstərilməsi üçün BMT-nin və NATO-nun keçirdiyi müxtəlif əməliyyatlarda Azərbaycan Ordusunun iştirak imkanları araşdırılır. Sülhməramlı əməliyyatlarda iştirakla bağlı verilən siyasi qərarlar, ölkəmizin göstərdiyi iradə və sülhməramlı qüvvələrimizin verdiyi töhfələr Azərbaycanın dünyada etibarlı tərəfdaş və dost kimi nüfuzunu daha da gücləndirmiş, eləcə də sülhsevər ölkə kimi tanıdıb".