Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun (World Urban Forum) 13-cü sessiyası çərçivəsində "Münaqişə və həssas şəraitdə şəhər həlləri vasitəsilə sülhyönümlü iqlim fəaliyyəti" mövzusunda konfrans keçirilir.
Oxu.Az xəbər verir ki, konfrans Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, UN Habitat, "Climate and Peace Action Hub" və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən keçirilir.
Müzakirələr şəhərlərin iqlim dəyişikliklərinə davamlılığının artırılması, münaqişədən zərər çəkmiş ərazilərdə dayanıqlı məskunlaşma modellərinin qurulması, həmçinin sülh və iqlim fəaliyyətinin şəhər inkişafı ilə əlaqələndirilməsi mövzularına həsr olunub.
Tədbir çərçivəsində Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov "Baku Hub" təşəbbüsü, iqlim-sülh-şəhər əlaqələri və bu istiqamətdə əməkdaşlıq imkanları barədə təqdimatla çıxış edəcək.
Tədbirdə postmünaqişə bölgələrinin yenidən qurulması, təhlükəsiz geridönüş üçün ağıllı və dayanıqlı məskunlaşma həlləri, iqlimədavamlı şəhər infrastrukturu və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq. Tədbir çərçivəsində, həmçinin Beynəlxalq gənclər süni intellekt müsabiqəsinin mükafatlandırma mərasimi də keçiriləcək.
Daha çox foto burada: PhotoStock.az