İstanbulun “Florence Nightingale” klinikası Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı barədə rəsmi açıqlama verib.
Oxu.Az xəbər verir ki, klinikadan APA-nın Türkiyə bürosuna verilən açıqlamada bildirilir ki, N. Əliyev iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra edilən ilkin müdaxilə ilə həyata qaytarılıb, onun ürəyinin koronar damarlarına stend qoyulub.
Natiq Əliyevin müayinə və müalicəsi üçün Bakıya Türkiyədən heyət göndərilib.
Həmin heyətin dəstəyi ilə Natiq Əliyev süni tənəffüs cihazına qoşularaq, iyunun 5-də xüsusi ambulans təyyarə ilə “Florence Nightingale” klinikasına aparılıb.
“Ciddi tibbi müdaxilə ilə qan dövranının normallaşdırılması mümkün olmayan xəstəyə ürək nasosu qoşularaq ürək çatışmazlığına qarşı müalicə başlayıb. Lakin iyunun 8-də günorta saatlarında Natiq Əliyev anidən beyin insultu keçirib və dünyasını dəyişib”, - deyə açıqlamada bildirilir.
11:35
Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, İstanbulun "Florence Nightingale" klinikasında müalicə olunan nazirin vəziyyəti qəfildən pisləşib.
Həkimlərin müdaxiləsi yetərsiz olub.
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunurdu.
Natiq Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.
E.Ə.
www.oxu.az