Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Naxçıvanın taleyini həll edən “Moskva müqaviləsi”ndən 100 il ötür - VİDEO
Bu gün – 16 mart 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında imzalanan “Dostluq və qardaşlıq” müqaviləsindən 100 il ötür.
16 maddə və 3 əlavədən ibarət müqavilə ötən əsrin nəhəng dövlətləri arasında imzalanan ən mühüm sənədlərdən biridir.
Sovet Rusiyası ilə Türkiyə arasında növbəti rəsmi görüş 1921-ci il fevralın 26-da başlayıb. Moskva danışıqlarında Rusiyanı Georgi Çiçerin və Cəlaləddin Qorxmazov təmsil edirdi. Moskva konfransında Azərbaycanla bağlı məsələlər müzakirə mövzusu idi. Bu məsələlər ölkə üçün həyati önəmə sahib idi. Bunlardan biri Naxçıvan, digəri isə Azərbaycanın müstəqilliyi məsələsi idi. Həmin vaxt Türk heyəti Naxçıvanın Türkiyənin himayəsində qalmasını istəyirdi. Lakin Sovet Rusiyası bunu qətiyyətlə rədd edirdi. Martın 10-da keçirilən iclasda Türkiyə nümayəndələri belə bir mövqedən çıxış edirdilər ki, Naxçıvan bölgəsi əhalisinin türk qoşunlarını dəvət və qəbul etməsi faktı onun Türkiyənin himayəsi altında olduğunu göstərir.
Konfransın martın 12-də keçirilən iclasında əsasən Naxçıvan və Ermənistan arasında müəyyənləşdirilən sərhədlər ətrafında qızğın müzakirələr getdi. Danışıqlarda yaranmış gərginliklərə baxmayaraq, türk diplomatiyasının göstərdiyi ciddi səyləri sayəsində Moskva konfransında Azərbaycanın ərazi bütövlüyünün qismən də olsa, qorunmasına nail oldu. 1921-ci ilin fevralında Ankara hökumətinin xarici işlər naziri Yusif Kamal bəyin başçılığı ilə Əli Fuad Cebesoy və doktor Rza Nurdan ibarət diplomatik nümayəndə heyəti Moskvaya gəldikdən sonra danışıqlar başlanıb.
Sovet Rusiyası tərəfdən müqaviləni Xarici işlər üzrə xalq komissarı Georgi Çiçerin və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Cəlaləddin Qorxmazov, Türkiyə tərəfdən isə TBMM Xarici işlər vəkili Yusuf Kemal bəy, türk deleqasiyasının üzvü Rza Nur bəy və TBMM-in Rusiyadakı səfiri Əli Fuad paşa imzalayıblar.
Danışıqlarda Azərbaycanın Türkiyədəki səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinskidə iştirak etmişdir. Müqavilə Sovet Rusiyası və Türkiyə Böyük Millət Məclisi hökumətlərinin millətlərin qardaşlığı və xalqların öz müqəddəratını özləri təyin etmək prinsiplərinə şərik çıxdıqları, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan, öz aralarında daimi olaraq qarşılıqlı münasibət və qırılmaz həqiqi dostluğun yaradılması arzusunda olduqları qeyd olunub.
Sənəddə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənib və Türkiyə onun qarantı kimi çıxış edib. Müqavilənin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb.
Rəylər