"Suriyada müharibə və zəlzələdən zərər görmüş ərazilərin bərpası üçün vahid qiymətləndirmə sistemi hazırlanıb".
Oxu.Az xəbər verir ki, bu barədə Suriyanın ictimai işlər və mənzil nazirinin planlaşdırma və tədqiqatlar üzrə müavini Emad Almasri Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən sessiyada deyib.
O bildirib ki, Suriyanın Mənzil və İctimai İşlər Nazirliyi Mühəndislər Palatası və beynəlxalq donorların dəstəyi ilə zərərin qiymətləndirilməsi üçün xüsusi metodologiya hazırlayıb:
"İndiyədək müxtəlif beynəlxalq və yerli hesabatlarda dağıntıların miqyası ilə bağlı fərqli rəqəmlər təqdim olunurdu. Yeni bələdçi isə vahid yanaşma əsasında daha dəqiq və etibarlı nəticələrin əldə olunmasına imkan verir".
Emad Almasri vurğulayıb ki, hazırlanmış metodologiya yaşayış binalarının, xüsusilə evlərin hansı dərəcədə zərər gördüyünü müəyyən etməyə xidmət edir.
O əlavə edib ki, Suriyada əsas problemlərdən biri də məcburi köçkünlərin düşərgələrdə yaşamasıdır:
"Ölkədə uzun illərdir milyonlarla insan düşərgələrdə yaşayır. Hökumət qarşıya "sıfır düşərgə, sıfır çadır" hədəfi qoyub. Bu məqsədə çatmaq üçün dəqiq məlumatlara və düzgün qərarlara əsaslanan sistemli yanaşmaya ehtiyac var".