Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazirlik dənizi çirkləndirən 23 obyektin bağlanmasını istəyir, işə məhkəmə baxacaq
Bu günədək aparılan monitorinqlərin nəticələrinə görə, dənizi çirkləndirən 44 hüquqi və fiziki şəxs cərimə edilib, dəfələrlə edilmiş xəbərdarlıqlara əməl etməyən 23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət olunub, 165 obyektə icrası məcburi göstəriş verilib.
Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
O bildirib ki, çimərlik mövsümü başa çatsa da, Xəzərin çirkləndirilməsi məsələsi gündəmdə saxlanılacaq:
"Bu gün əsas fəaliyyət hədəflərimizdən biri də Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. İstirahət mövsümü başa çatandan sonra da Xəzərin çirkləndirilməsi məsələsini gündəmdə saxlayacağıq və problemin həlli üçün cəmiyyətimizin bütün təbəqələri ilə birgə mübarizəmizi davam etdirəcəyik.
Xəzər dənizinin ekosisteminə mənfi təsirlər vaxtında aradan qaldırılmasa, gələcəkdə ağır nəticələri olacaq. Biz bundan sonra da bütün təbliğat və inzibati vasitələrdən istifadə etməklə Xəzər dənizinin və onun ətraf mühitinin əsl sağlamlıq zonasına çevrilməsinə çalışmalıyıq".
İ.İbrahimova qeyd edib ki, əsas narahatedici məqam vətəndaşların istirahət üçün üz tutduğu yerlərə biganəliyidir:
"Yəni dəniz sahilində, çimərliklərdə, təbiətdə olarkən tullantılarımızı hara gəldi atırıq. Düşünmürük ki, sabah bu yerlərə bir də gələcəyik. Çimərliklərimizdə əksər hallarda zibillər qalaqlanır. Bunlar olmasın deyə, bir-birimizə çimərlik mədəniyyəti aşılamalıyıq ki, təmizlik olsun, dəniz çirklənməsin, dənizin ətraf mühiti zərər görməsin".
İlhamə Əbülfət
"İradə İbrahimova" teqi üzrə xəbərlər
- Nazirlikdən çimərliklərə gedənlərə ÇAĞIRIŞ
- ETSN sözçüsü: "Xəbərdarlıqları izləməyi unutmayın"
- ETSN küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib
- Sənət adamları Ramazanda: “Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram” - SORĞU + FOTO
- Şaxtalı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA + VİDEO
Rəylər