İyulun 25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.
Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib.
Məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 41 dəfə pozulub.
Belə ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Koxanəbi, Əlibəyli, Hacıalılı və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz gecə saatlarında 21:30-dan 01:50-dək avtomat və iri çaplı silahlardan intensiv atəşə məruz qalıb.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.