Bakı şəhərinin mərkəzində - "Neftçilər" prospektində yerləşən dayanacağın baxımsız vəziyyətdə olması sərnişinlərin narazılığına səbəb olub.
Oxu.Az-a daxil olan şikayətdə bildirilib ki, "Port Baku Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən dayanacaq uzun müddətdir yararsız vəziyyətdədir.
"Hər gün istifadə etdiyimiz dayanacaq şəhərin mərkəzində yerləşməsinə baxmayaraq, çox pis vəziyyətdədir. Şüşələri qırılıb, metal hissələri pas atıb. Bundan başqa, bu dayanacağa 21, 30, 32, 49 və 120 nömrəli avtobuslar gəlir, amma lövhədə yalnız 32 nömrəli avtobusun marşrutu qeyd olunub", - deyə vətəndaş şikayətində vurğulayıb.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirdi ki, sözügedən əraziyə baxış keçiriləcək, dayanacaq pavilyonunun zədələnmiş konstruksiyaları bərpa ediləcək:

"Avtobus dayanacaq nişanları və nişanın yerləşdiyi dayanacaq məntəqəsindən keçən müntəzəm marşrut xətləri ilə bağlı məlumat lövhəsinə dair yeni standartlar müəyyən edilib. Avtobus dayanacaq nişanlarının və sərnişinlər üçün zəruri olan məlumatların əks olunduğu lövhələr yeni standartlar əsasında mərhələli şəkildə quraşdırılır.
Marşrut şəbəkəsi yenidən işlənilir. Bu işlər yekunlaşandan sonra marşrutların nömrələri əks olunan lövhələr quraşdırılacaq, köhnələri yenilənəcək.
Qeyd edək ki, aparılan monitorinq zamanı ərazidən keçən bütün marşrut avtobuslarının bu dayanacaqda saxlamaları müşahidə edilib. Buna baxmayaraq sözügedən ərazidən keçən marşrut avtobuslarının daşıyıcılarına sürücülərin marşrutun hərəkət sxemi üzrə təyin olunmuş dayanacaq məntəqələrində dayanmalarının vacibliyi vurğulanıb".
Əzizə İsmayılova