Bu gündən etibarən Nəqliyyat Nazirliyinin evakuatorları Bakının müxtəlif hissələrində sərnişindaşıma ilə məşğul olan avtomobillərin evakuasiyasına başlayıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Sərnişin Nəqliyyatı MMC-dən verilən məlumata görə, gün ərzində avtobus dayanacaqlarında olan onlarla sərnişindaşıma ilə məşğul olan avtomobil, eləcə də sərnişindaşıma qaydalarını pozmuş xeyli avtobus cərimələnib.
Onlarla sərnişindaşıma ilə məşğul olan avtomobil evakuatorlar vasitəsi ilə Nəqliyyat Nazirliyinin cərimə meydançasına aparılıb.
MMC-dən bildirilib ki, tədbirlər bundan sonra da davam etdiriləcək. Məqsəd sərnişindaşımanın keyfiyyətini qaldırmaq, sərnişindaşıma ilə məşğul olan şəxsi avtomobillərin dayanacaqlarda və təyin edilmiş məsafədə saxlanmasının qarşısını almaqdır.
Qeyd edək ki, bu günədək Bakıda belə qanunsuz park etmiş sərnişindaşıma ilə məşğul olan şəxsi avtomobilləri yalnız yol polisi apara bilərdi.