Azərbaycanda ailə psixoloqu institutunun yaradılması ilə bağlı müzakirələr artıq birinci il deyil ki, gedir. Bu yaxınlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da bu məsələni gündəmə gətirib. Onun sözlərinə görə, belə bir institutun olması ailədaxili münasibətlərdə meydana gələn problemlərin operativ həlli və vaxtında müdaxilə olunması baxımından son dərəcə vacibdir.
“Ailə psixoloqu institutu dedikdə, rayon dövlət qurumları nəzdində kiçik mərkəzlərin yaradılması nəzərdə tutulur. Ailə psixoloqları attestasiyadan keçəcək və fəaliyyətə icazə verən müvafiq lisenziya əldə edəcəklər. Onlar istəsələr, əyalətlərdə müqavilə əsasında işləyə biləcəklər. Bu qurumun başlıca məqsədi məişət zorakılığı, qarşısı alınmış erkən nikahlar və digər faktların qeydə alındığı “həssas” ailələlərə dəstək göstərməkdən ibarət olacaq”.
Bunu Media.Az-a verdiyi açıqlamada, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.
Onun sözlərinə görə, ailə psixoloqlarının sayı ailələrin ümumi sayı əsasında müəyyənləşdiriləcək.
“Qeyd edək ki, hazırda bölgələrdə 11 ailə və uşaqlara dəstək mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin müvafiq bölgələr üzrə yaşayan bütün ailələr haqqında geniş məlumat bazası var. Mərkəzin əməkdaşları erkən nikahlar, ailə-məişət və fiziki zorakılıq hallarına qarşı mübarizə üçün preventiv və profilaktik ölçülər götürür. Ancaq dövlət qurumlarının (ailələrə dəstək baxımdan) iki milyondan çox ailəni ehtiva etməsi mümkün deyil. Bununla əlaqədar, ailə psixoloqu institutunun inkişafına böyük ehtiyac var”, - deyə E.Səfərov bildirib.
Onun sözlərinə görə, Azərbaycan sözügedən institutu yaradan zaman başqa ölkələrin təcrübəsindən istifadə edəcək. Bu barədə bu il qəbul olunması gözlənilən “Azərbaycanın Ailə Strategiyası”nın layihəsində də qeyd olunur. Müvafiq qanun layihəsi bütün dövlət qurumları ilə razılaşdırılıb.
Dövlət komitəsinin nümayəndəsi bildirib ki, başlıca məqsəd risk qrupunda yer alan ailələri əhatə etməkdir. Belələrinin sayı isə heç də az deyil. Məsələn, təkcə məişət zorakılığı hər ilə 900-ə qədər ailədə qeydə alınır. Belə hallarla bağlı cinayət və ya inzibati işlər açılır.
“Ailə psixoloqu institutu bir sıra ölkələrdə inkişaf edib. Başlıca olaraq Fransa, Almaniya, Böyük Britaniya, ABŞ kimi ölkələri göstərmək olar. Bir sıra ölkələrdə belə bir təcrübə var: ailədaxili inzibati xəta törətmiş şəxs mütləq ailə psixoloquna baş çəkməlidir. Əks təqdirdə həmin şəxs 30 gün müddətinə azadlıqdan məhrum edilir.
Əlbəttə ki, çoxları dəmir barmaqlıqlar arxasına düşməkdənsə, psixoloqa baş çəkməyi üstün tutur. Belə yanaşma Kanada, Böyük Britaniya və ABŞ-da işə yarayır. Bu, çox yaxşı təcrübədir”, - deyə E.Səfərov qeyd edib.
Onun sözlərinə görə, bu gün Bakıda ailə psixoloqlarının sayı elə də az deyil: “Lakin onların əksəriyyəti özəl müəssisələrdə xidmət göstərir və kifayət qədər yüksək xidmət haqqı alırlar. Halbuki psixoloji yardıma ehtiyacı olub, belə mütəxəssislərə müraciət üçün maddi imkanı olmayan ailələr var. Məhz bu səbəbdən dövlət bu problemin həllini öz öhdəsinə götürüb”.
“Ailə psixoloqları müəyyən sayda ailələrlə işləyəcək. Dövlət Komitəsinin psixoloji yardıma ehtiyacı olan problemli ailələrin sayı ilə bağlı məlumat bazası var”, - deyə E.Səfərov vurğulayıb.
Rəylər