Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ortaya bir dəstə "həci" düşüb, nə istəyir, edir
Kubra Məhərrəmova yazır...
Yazıya başlamamışdan əvvəl çox vacib bir qeyd edim. Söhbətimizin mövzusu əldəqayırma "həci"lərdir. Xahiş edirəm, məsələnin məğzini kənara qoyub, manipulyasiya etməyəsiniz.
Bu gün bəzi kütlə üçün ictimai fikri "həci"lər formalaşdırır desək, yanılmarıq. Bu isə çox qorxulu tendensiyadır. Allahın adını çəkməklə kütləyə təsir etmək, idarə etmək metodu kimi də dəyərləndirilə bilər. Və maraqlıdır ki, kimin qaranlıq işi var, tez həcc ziyarətinə gedib, özünü cəmiyyətə "həci" kimi sırıyır. Yeri gəlmişkən, bundan həm qadınlar, həm də kişilər yararlanırlar.
Bəlkə də, bu "həci" fenomeni hansısa qüvvələr tərəfindən idarə olunur. Bunu mən yox, artıq hüquq-mühafizə orqanları müəyyən edər. Çünki bu faktor dövlətçiliyə birbaşa təhdid yaradır.
Təsəvvür edin ki, bir neçə gün əvvəl gündəmə gələn "uçan taksi" sürücüsü artıq sosial mediada "ulduz" olub. Onun danışdığı bir-birinə zidd fikirlər bir yana, onun insanları təhdid etməsi başqa dərddir.
Belə ki, "uçan taksi"nin sürücüsü Anar Nəcəfov məsələdə özünü heç bir halda günahkar saymır, günahı ayağının qıc olmasında görür. Başqasının adı ilə taksi fəaliyyəti ilə məşğul olmasının məsuliyyətini də şirkətin boynuna qoyur. Və hələ ki, şirkət cəmiyyətə tutarlı açıqlama verməyib.
Amma bir müddət əvvəl taksi qiymətlərinin qalxması ilə bağlı bütün müvafiq qurum və şirkətlər bildirdi ki, "taksi sürücüləri daha qumarbaz, narkoman, keçmiş məhbus olmayacaqlar. İşə ancaq və ancaq şəxsi işi tər-təmiz olan adamları götürəcəyik. Ona xidmət səviyyəsinin keyfiyyətini qaldırdığımız üçün işin kəmiyyəti də artacaq, bütün köhnə "Prius"ların yerinə təptəzə maşınlar gətiriləcək".
Hələ də taksi sürücülərinin narkoman və ya keçmiş məhbus olub-olmaması haqqında məlumatımız yoxdur. Çünki bu barədə sərnişinlərə məlumat verilmir.
Belə görünür ki, bu, nəzarət edən qurum üçün də maraqlı deyil.
Qayıdaq ayağında "qolbaq" olan sürücüyə. Bizə hələ də məlum deyil ki, adamın ayağında niyə "qolbaq" var?! Və taksi fəaliyyətində bu kimi adamların işləməyinə kim cavab verir?! Yağan güclü yağış bu məsələni də gündəmdən yuyub apardı.
Amma və lakin, "qolbaqlı sürücü" özü-özünü gündəmə gətirdi.
Adamın əsas hədəfi pul yığmaqdır. Və açıq deyir ki, "kartıma üç-dörd min manat pul yığılıb, kim gic-gic danışırsa Allah onun bəlasını versin". Yəni ki, necə ki, üç-dörd mini atmısınız, (bizim hələ də dəqiq məbləğ haqqında məlumatımız yoxdur) elə də davam edin.
Qayıdaq məsələnin əvvəlinə, pul yığmaq aksiyasını kim başlatdı?
Yadınıza gəlirsə, bir dəstə "Allah yolunda, qardaşımıza kömək edin" çağırışıyla ortaya bir dəstə "həci" düşdü. Hər kəlməsində "kasıbın yanında olaq", "Allah əvəzini verəcək" kimi manipulyativ sözlərlə meydana girdilər. Yəni ki, sən dövlətin və dövlət qurumlarının vecinə deyilsən, amma biz sənə yiyə çıxırıq.
Bu "yardım"ın əli haradan uzanır görəsən? Özü də keçmişi qaranlıq olan bir şəxsə qarşı. Yəni sabah bir başqası daha bir cinayət törədəcək, kiməsə xəsarət yetirəcək, oğurluq-quldurluq edəcək və bu qüvvələr ona da dəstək çıxacaq ki, "əcəb eləmisən, ac adam nə etməlidir?" deyə. Sizə elə gəlmir ki, nəsə düz getmir? Ac adam oğurluq edib, baş kəsməlidirsə, o zaman hamımız hazır olmalıyıq bu müharibəyə. Hərə evində odlu silah saxlamalıdır. Əgər bircə dəfə cəmiyyətdə oğruya, cinayətkara, adam öldürənə, dələduza qarşı "empatiya" hissi formalaşsa, hər şey bitdi. İnsanlar artıq heç kimdən və heç nədən qorxmayacaqlar. Yeni "eskobarlar" törəyəcəklər.
Adamın isə dələduz olub-olamaması haqqında isə özünüz qərar verin. "Qolbaqlı sürücü" gah deyir tikinti materialları satırdım, batırdım, borclarım var. Gah deyir ki, "crosnu" ustasıyam. Sonra deyir ki, iki dənə maşınım var idi, ikisini də lombard şirkəti borcum olduğu üçün gəlib apardı. Ayağına isə pul məsələsinə görə "qolbaq" taxıldığını bildirir. Hər şey pul məsələsinə gəlib dirənir.
Özü deyir qıcolma 3-4 ildə bir dəfə olurdu, gəlini deyir ki, tez-tez olurdu. Adam müalicəsini Sabunçu xəstəxanasında alırdı, sonra da deyir ki, "məni oradan qovdular".
Çox maraqlıdır bu teatr hara qədər davam edəcək?