Emilya Tağıyeva yazır...
Günümüzdə istedadlı uşaqların tərbiyəsində yanlış valideyn mövqeyinin bəzən kədərli nəticələrə gətirib çıxardığını görürük. Təhsil eksperti Kamran Əsədovun ali məktəblərə qəbul olmayan abituriyentlər barədə hesabatı bunun bariz nümunəsidir.
Belə ki, məlumata görə 600-dən çox bal toplayan bir abituriyent universitetə qəbul ola bilməyib. Bundan başqa 20-yə yaxın abituriyent də 500-560 arası bal toplamalarına rəğmən, ali tələbə adına yiyələnə bilməyiblər. Səbəb isə müsabiqə şərtlərini ödəmələrinə baxmayaraq, onların yanlış ixtisas seçimi etmələri göstərilir.
Bəlkə yanlışlıq ixtisas seçimində deyil, valideynlərin uşaqlarının istedadlarına münasibətindədir?
Bəzən valideynlər övladlarının biliklərinə arxalanaraq onların yaşlarını unudur və seçimlərinə heç bir müdaxilə etmirlər. Amma növcavan bir şəxsi həyat adlı çətin yola məsləhətsiz uğurlamaq nə dərəcədə düzgündür?!
Əlbəttə tam müdaxilənin tərəfdarı deyiləm, amma ən azı tövsiyə vermək, "B" variantını göstərmək valideynin borcudur.
Uşaqlarının istedadlarını görən valideynlərin onlara həddindən artıq heyranlıq nümayiş etdirməsi də zərərli haldır. Uşaq özünü həmyaşıdlarından, dostlarından üstün görür və bunu hər yolla sübut etməyə çalışır. O, valideyninin və ətrafdakıların ümidlərini doğrultmaq üçün boynuna həddindən artıq yük götürür, baş verə biləcək hər hansı "fors major" hala hazır olmur. Gözlənilən baş vermədikdə isə, bunun ona nə qədər böyük travma olduğunu təsəvvür etmək elə də çətin deyil.
Övladlarının istedadından şəxsi ambisiyalarını təmin etmək üçün istifadə edən valideynlər də az deyil. Bunun əziyyətini isə "mənim uşağım ancaq filan ixtisasın sahibi ola bilər" düşüncələri ilə yüklənən yeniyetmə çəkir. Nəticələr isə göz qabağındadır. Əlbəttə, mən demirəm ki, yüksək bal toplamalarına baxmayaraq, ali məktəblərə daxil olmayan abituriyentlərin valideynləri övladlarına məhz bu şəkildə yanaşıblar. Ancaq etiraf edək ki, uşaqlarımızın hər hansı bir uğursuzluğunda bizim də payımız az deyil. Nə uşaqların istedadlarını görməzdən gəlməyin, nə də həddindən artıq şişirtməyin və onları yükləməyin tərəfdarıyam. Orta yolu tapmaq lazımdır.
İndi hər yerdə uşaq psixologiyası və fiziologiyası ilə bağlı ədəbiyyatlar mövcuddur. Heç yerə əl çatmasa belə, ən azı müəllimlə məsləhətləşməli, uşağın real imkanları qiymətləndirilməli və edilə biləcəklər barədə pedaqoqların tövsiyələrinə riayət edilməlidir. Həmçinin uşaqla daimi ünsiyyət də unudulmamalıdır. Onlara həyatda hər zaman xəyal qurulduğu kimi olmadığı, bəzən gözlənilməz hadisələrin baş verdiyi və bu anlar üçün hər zaman "B", yeri gəlsə, hətta "C" planının vacibliyi göstərilməlidir. Öz biliyini nəzərə alıb-almamasından asılı olmayaraq, ali məktəbə qəbul olmayan abituriyentlərin valideynləri də təkrar-təkrar fikirləşməlidirlər.
Düşünürsünüz ki, illərlə əmək sərf edilib, kurslara, əlavə hazırlığa külli miqdarda pullar tökülüb... Ümidlər, həyəcanlar… Hamısı nəticəsiz oldu? Bu anda bəlkə də kədərin bütün növlərini - şok, inkar, qəzəb keçirirsiniz. Bəs baş verənlər həqiqətdə də bu qədər faciəlidirmi? Xeyr. Sadəcə, məqsədə gedən yol öz istiqamətini bu və ya digər səbəbdən bir balaca dəyişib. Valideynin boynuna düşən vəzifə övladına bundan sonra daha çox diqqət yetirməsi, səhvlərini analiz etməsi, maraqlarını və biliklərinin hansı yöndə daha çox olduğunu nəzərə almasıdır.