5 iyun 2014-cü il tarixində Milli Olimpiya Komitəsi və BP şirkətinin Rəsmi Tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilən “Gənc könüllülərin/səfirlərin hazırlıq proqramı” çərçivəsində Şeraton otelində könüllülər üçün təltifetmə mərasimi ilə Yeniyetmələrin Olimpiya Oyunlarının Avropa Təsnifat Yarışına yekun vuruldu.
Oxu.Az xəbər verir ki, 2014-cü ilin mart ayından elan edilmiş könüllülər proqramına 1100 nəfərdən artıq gənc müraciət edib ki, bunların da əksəriyyətini tələbələr təşkil edib.
Ümumilikdə, 700 nəfərə yaxın gənc xüsusi təşkil edilmiş müsahibələrdə iştirak edib. Nəticə etibarı ilə yarışlara 500 nəfərə yaxın gənc cəlb olunub.
Könüllülərin təltifetmə mərasimində Təşkilat Komitəsinin sədri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Avropa Təsnifat Yarışlarının Təşkilat Komitəsi, Bakı 2015 Avopa Oyunlarının Əməliyyat Komitəsi, Azərbaycan Atletika Federasiyası, BP şirkəti və digər qurumların nümayəndələri iştirak edib.
Tədbir yarışlar zamanı könüllülərin fəaliyyətinə dair hazırlanmış video-filmin nümayişi ilə başladı. Daha sonra Təşkilat Komitəsinin sədri Çingiz Hüseynzadə çıxış edərək Azərbaycanda müstəqillik dövründə atletika idman növü üzrə keçirilmiş Avropa Təsnifat Yarışının ən yüksək səviyyədə təşkilinə görə Təşkilat Komitəsinin adından bütün könüllülərə dərin təşəkkürünü bildirdi. Hüseynzadə könüllülərin yarış zamanı göstərdikləri misilsiz xidməti xüsusi vurğulayaraq deyib:
“Azərbaycanın Yeniyetmələr arasında Avropa Təsnifat Yarışlarına ev sahibliyi etməsi hamımız üçün fəxrdir və artıq könüllülərin ilk qrupu Bakı 2015 Avropa Oyunlarının təşkili üçün hazırdır. Könüllülər bu yarışlarda Azərbaycan gəncliyini layiqincə təmsil ediblər”.
Rəsmi çıxışlardan sonra könüllülərə Təşkilat Komitəsinin, Avropa Oyunlarının Əməliyyat Komitəsi, həmçinin BP şirkətinin adından sertifikat və hədiyyələr təqdim edilib.
Tədbir könüllülərin şərəfinə təşkil edilmiş musiqili-əyləncəli proqram ilə davam etdirilib. Təltifetmə mərasiminə xatirə şəkli çəkdirməklə yekun vurulub.