Az adam tapılar ki, paytaxtın mərkəzi yerlərindən birində yerləşən Bakı Zooloji Parkına baş çəkməsin. Bu məkana daha çox valideynlər uşaqlarına heyvanları göstərmək üçün gedirlər.
Oxu.Az-ın əməkdaşları da isti yay günlərində bu məkanın son vəziyyəti ilə maraqlanmaq üçün sözügedən məkana üz tutublar.
Biz zooparka daxil olanda bələdçi uşağa oyuncaq meymunların yeni balasının doğulması və iquana haqda məlumat verirdi.
Öyrəndik ki, şüşə arxasında tərpənməyə başlayan iquananı parka bağışlayan şəxs əvvəllər onu ev şəraitində saxlayırmış. İquananın üzəri pulcuqlarla örtülü, başı isə böyük olur. Onurğasının üstü ilə belindən quyruğuna kimi daraq formalı çıxıntı var.
Bakı Zooloji Parkının direktoru Azər Hüseynov deyir ki, zooparkda bəzi heyvanların yeni balası doğulub:
“Qafqaz nəcib maralından iki, dəvədən bir, ponidən bir, Sultan toyuğundan 15, dekorativ keçilərdən iki, oyuncaq meymundan da iki bala alınıb. İlimiz yaxşı başlayıb.
Burada heyvanların qidalanması təmin edilir. Qışda onların yeminə vitaminlər əlavə edirik. Hazırda isə meyvə-tərəvəz verdiyimiz üçün vitaminlərə ehtiyac olmur”.
Direktor bizi inandırmağa çalışdı ki, məkanda ayılar üçün balaca hovuzlar var. Kölgəlik, yaşıllıq olduğu üçün heyvanlar isti havadan qorunur. Amma biz zoopark ərazisində gəzən zaman həmin yaşıllıq və kölgəliyi görə bilmədik.
Heyvanların özlərinə uyğun qida rasionu var. Şir və yaquara ət, balıq, ilanlara siçan-siçovul, tülküyə isə toyuq əti verilir. Tirəndazın (oxlovlu heyvan da deyirlər) yeməyi isə alma və çörəkdir.
Quşlara balaca qurdlar, kilkələr verilir. Qış aylarında heyvanların yem tələbatı daha çoxdur. Yay olduğu üçün şir səkkiz kilo ət yeyir, qışda isə onlara 10 kilo ət verilməlidir. Dəvəquşunun yediyi yeməyin limiti məlum deyil. Yəni, nə qədər yem verilsə, o qədər çox yeyəcək. Filin gündəlik yem rasionu 150 kiloqrama yaxındır. Amma paytaxtda yerləşən zooparkda fil olmur.
Bakı Zooloji Parkında Asiya, Afrika, Cənubi Amerika və Şimali Amerika ölkələrinin heyvanları – alpaca, yaquar, lama, qızılqaz, kenquru, dəvəquşu, soltan toyuğu, Qafqaz nəcib maralı, tülkü, canavar, tutuquşu, saxlanılır. Alpakanın yaxın zamanda balası olacaq.
Zooparkdakı heyvanların yem təchizatı üçün hər il tender elan edilir. Qalib gələn şirkət zooparkı ot, buğda, qarışıq yem və sair yemlərlə təchiz edir. Bundan əlavə, müsadirə olunmuş ətlər də zooparka gətirilir. Məkanın təsərrüfat sahəsində yerləşən anbar otaqlarında ətlər saxlanılır. Hər gün işçilər soyuducudan ət götürüb, heyvanlara paylayırlar.
Azər Hüseynovla söhbət edə-edə məkanı gəzirik. O deyir ki, zooparkın ərazisi genişlənən zaman ayıların, tülkünün, şirin yerinin balaca olması kimi şikayətlər azalacaq:
“Onların təbiətdə yaşadığı şəraitə uyğun layihə hazırlanıb. Hazırda zooparkın ərazisi dörd hektar olsa da, onun yalnız iki hektarından istifadə edilir. Ərazi təmirə bağlanacaq. Təmirdən sonra ərazisi dörd hektar olacaq.
Burada 150 növə yaxın heyvan saxlanılır, sayla desək, zooparkda 1200-dən çox heyvan var. Köçürülmə ilə bağlı yeni heyvanların gətirilməsi üçün müqavilə bağlanır”.
Bəs, Bakı Zooloji Parkında fil saxlamaq mümkündürmü?
Azər Hüseynov deyir ki, zooparkının ərazisində bir cüt (erkək-dişi) fil saxlamaq üçün bir hektar yarım yer lazımdır. Yataq yeri isti olmalıdır. Hər gün bir filə 140-150 kiloqram yem lazımdır. Bu ərazidə əlavə yer düzəlsə də, fil saxlaya bilmərik. Çünki ərazi ağaclıqdır. Azərbayacanda gələcəkdə böyük zoopark tikilərsə, fil, gərgədan, zürafə saxlaya bilərik”.
Digər heyvanlar barədə bələdçidən məlumat aldıq. Aynur Hacıyeva ilə gəzə-gəzə dəvələrin qaldığı qəfəsə yaxınlaşırıq. Onların bədənində heç bir tükə rast gəlmədik.
Aynur Hacıyeva deyir ki, yay olduğu üçün dəvələr tüklərini tökür:
“Bəzən insanlar düşünür ki, heyvanlar xəstədir. Amma elə deyil. Dəvələr tükü hissə-hissə tökürlər. İnsanlar bunu görən zaman yanlış anlayır. Tutuquşu, ilan, meymunun soyuğa dözümü yoxdur. Hava soyuyanda istilik sevən heyvanlar xüsusi yerdə saxlanılır. Hər heyvanın saxlanma yerinə termometr yerləşdirilib, hər gün temperatur göstəricilərinə nəzarət olunur”.
Məkanı gəzdikcə “Toxunmayın!” yazılmış lövhələrlə qarşılaşırıq.
Bələdçi deyir ki, parka gələn ziyarətçilər əllərində olan əşyaları şüşəyə vuraraq çirkləndirirlər. Bəzən əllərində olan zibili qəfəslərə atırlar. Heyvan onu udur və həzmə edə bilmir”.
Parkın girişində keçilər, dovşanlar üçün yerlər düzəldilib ki, balaca ziyarətçilər onları özləri yemləsinlər. Akvarium otağında da 600-dən çox balıq var.
İllər əvvəl burada gördüyüm “Maykl” adlı erkək şir rastıma çıxmadı. Öyrəndim ki, 20 yaşlı şir artıq çoxdan ölüb. Əvəzində isə zoooparkda yeni heyvanlar böyüyür.
Payızda zooparkın ərazisi Qaradağ rayonunda ayrılmış müvəqqəti yerə köçürülür. Təmirdən sonra heyvanlar yenidən zoopark ərazisinə gətiriləcək. Məlumdur ki, quşlar stres keçirən kimi tələf olur. Buna görə köçürülmə zamanı quşlardan bəzilərinin tələf olması qaçılmazdır.
İlhamə Əbülfət
FOTO: Sadiq Fərzəlibəy
www.oxu.az
Rəylər