Alimlər müəyyən ediblər ki, 50 yaşdan yuxarı insanlarda qarın piylənməsi ilə D vitamini çatışmazlığının eyni vaxtda olması növbəti altı il ərzində ölüm riskini bu problemlərin heç biri olmayan insanlarla müqayisədə 123% artırır.
Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Diabetes, Obesity and Metabolism" (DOM) jurnalında dərc olunub.
Tədqiqatçılar 50 yaşdan yuxarı 5 520 insanı altı il ərzində müşahidə ediblər. Qarın piylənməsi kişilərdə bel çevrəsinin 102 sm-dən, qadınlarda isə 88 sm-dən çox olması ilə müəyyən edilib. D vitamini çatışmazlığı isə bu vitaminin qandakı səviyyəsinin 30 nmol/l-dən aşağı olması kimi qiymətləndirilib.
Ayrı-ayrılıqda bu vəziyyətlərin hər biri də ölüm riskini artırıb: qarın piylənməsi riski 47%, D vitamini çatışmazlığı isə 91% yüksəldib. Lakin ən təhlükəli nəticə onların birlikdə müşahidə edilməsi zamanı qeydə alınıb.
Müəlliflərin izahına görə, qarın nahiyəsindəki piy toxuması D vitaminini yağ hüceyrələrində "bağlayaraq" onun orqanlar üçün əlçatanlığını azaldır. D vitamini çatışmazlığı isə immun sistemini zəiflədir və xroniki iltihabı gücləndirir. Beləliklə, hər iki vəziyyətin bir-birini ağırlaşdırdığı qapalı dövr yaranır.
Araşdırmanın rəhbəri, Braziliyanın San-Karlos Federal Universitetinin gerontologiya kafedrasının professoru Tiaqo Silva Aleşandrenin sözlərinə görə, yaş artdıqca xroniki iltihab öz-özlüyündə güclənir və bu da sözügedən birləşməni yaşlı insanlar üçün xüsusilə riskli edir.