- Buraxacaqsınız, gedim, yoxsa yox?
- Çox sürətlə gəlirdiniz, - deyə papağının arxasından başını qaşıyan ukraynalı polis tərəddüdsüz dillənərək davam etmək istəyəndə, artıq yarım saata yaxındır məni saxlamasından yorulub sözünü kəsdim:
- Qəribə adamsınız. Cəbhənin 50-100 kilometrliyində rahat sürməliyəm ki, göydə uçan drona yem olum? Burada kim asta gedir axı... Həm də axşam tərəfidir deyə, Sumı şəhərinə tez çatmalıyam, buralara yadam...
- Anlayıram. Amma qanun qanundur. Drondan əvvəl özünüz özünüzə təhlükə yaradırsınız. Baxıram, maşın da özünüzün deyil. Başqasının sizə etibar etdiyi əmlakı da riskə atırsınız... - deyə danışan leytenant ətrafdan ara-sıra gələn artilleriya döyüşlərinin səsinə baxmayaraq, az qala Ukrayna Konstitusiyasını mənə əzbərlətmək həvəsindəydi.
Ümumiyyətlə, Ukraynada polislər, yerli insanların da dediyi kimi, sanki ayrıca kateqoriyadırlar. Göründüyü qədər, onlar üçün sülh və ya müharibə dövrünün fərqi yoxdur. Qonaq və ya yerli - bunun da heç bir fərqi yoxdur. Ukraynalıların ənənəvi nizam-intizam vərdişi olmasa, bura polislərinin maymaq çevikliyi ucbatından bəlkə də kriminogen durum pik həddə çatardı.
İndi, daha doğrusu, 2025-ci ilin iyulunun isti günlərindən birində Kiyevdən Sumıya gələrkən, getdiyim yerə az qalmış bu kateqoriyadan bəlkə də ən tərsinə rast gəlmişdim. Ən pis halda cərimə yazmalı idi. Sadəcə, belə ezamiyyətlərə çıxanda mümkün qədər pula qənaət etməkdən başqa çarəm yox idi. Amma günahkar idim ki, sürət həddini xeyli aşmışdım. Baxmayaraq ki, Kiyevdə maşını mənə etibar edən Pavel ehtiyatlı olmağımı dəfələrlə xahiş etmişdi.
Polis leytenantı ilə başım söhbətə necə qarışdısa, kənardan bizə kimin yaxınlaşdığını hiss etmədim. Yaxınlaşıb salamlaşanda iki il əvvəl qatarda, kupedə tanış olduğum Artur adlı İT mütəxəssisini tanıdım. Cəmi bir-iki dəfə ondan sonra ünsiyyətimiz olmuşdu. Amma məni görən kimi tanıdı. Ən təəccüblüsü, onun burada - Sumıda nə işi olduğunu soruşdum. Məlum oldu ki, səfərbər ediblər, buralarda, cəbhə bölgəsində xidmət edir.
Gördüm, Artur polisi kənara çəkib nəsə izah etməyə çalışır. Buna imkan verməyib yaxınlaşdım, cəriməni ödədim və məsələni uzatmadan Arturla birlikdə oradan aralandıq.
- Üzrlü say, xahiş edirəm, təəssüf ki, bizim polislər qonağın nə olduğunu hələ də anlamırlar.
- Gərək yoxdur. Bütün hallarda günahkar mənəm. Sürət həddini aşmışam. Sadəcə, o polisə anlada bilmirdim ki, bu ərazidə, əsasən düzənlikdə yavaş hərəkət edən maşın dron qurbanıdır...
Arturla maşına əyləşib yaxınlıqdakı, Sumının girişindəki qəsəbəyə gəldik, kafelərdən birinə girib əyləşdik.
Tarixçəsini danışdı. Altı ay əvvəl, qışda Kiyevdə küçədən səfərbər ediblər.
- Amma məni başqaları kimi sürüyüb aparmadılar. Özüm gəldim, - deyə gülərək davam etdi:
- Onsuz da orduya qatılmaq istəyirdim... Sən o polisə görə üzrlü say. Bunlara sanki camaatı cərimələmək üçün limit qoyublar. Müharibə, hərbi vəziyyət bunlarlıq deyil sanki... Burada hərbçilərlə bunların arasında belə şeylərə görə tez-tez narazılıq olur.
İT mütəxəssisi olduğu üçün orduda dron operatoru işləyir. Necə deyərlər, bir pultla qarşı tərəfdə dronlarla neçə-neçə obyekti məhv edir. Söhbətindən məlum oldu ki, burada təkcə xidmətlə kifayətlənmir. Öz peşəsini hərbi praktikada daha da təkmilləşdirir. Qayıdanda hərbi texnologiya sahəsində şirkətini yaratmağa da həvəslənib.
- Burada görürəm, uşaqlar necə əziyyət çəkirlər. Axı biz ukraynalılar niyə fransızdan, polyakdan silah-sursat minnəti götürməliyik? Bunu biz özümüz də yarada bilərik. Yetər ki, yuxarıdakılar pulu istiqaməti üzrə xərcləsinlər...
Artur danışdıqca bir az da məəttəl qalırdım. Ən azı, hazırda yerləşdiyimiz vilayətin demək olar ki, yarısı dağılıb. Müharibənin nə vaxt bitəcəyi bilinmir. Amma o, milli təəssüb çəkməyi azmış kimi, peşəkar planlar da qurur...
Çox söhbət edə bilmədik. O da Sumının demək olar ki, özündə xidmət edirdi. Amma burada işi vardı deyə qaldı, gecə gələcəkdi. Mən isə gün batmamış şəhərə girməliydim. Sumı cəbhə bölgəsi olmaqla yanaşı, Rusiya ilə sərhədin cəmi 30-40 kilometrliyindədir. Burada yaxın uçan aparatlar ilə yanaşı, yaxın məsafəli artilleriya da axşamlar çox fəallaşır.
Şəhərə çatıb əvvəldən tutduğum, nisbətən təhlükəsiz yerdə olan otelə yerləşdim.
Səhər tezdən şəhərə endirilən zərbələr imkan vermədi ki, özüm yuxudan oyanım. Tez geyinib əl çantamı götürdüm, aşağı yüyürdüm. Foyedə çaxnaşma idi. Resepşndakı qızlar zirzəmiyə qaçırdılar. Mən də tez zirzəmiyə düşüb zərbələrin sakitləşməsini gözlədim. Hardasa yarım saat davam etdi. Bir az sonra isə "otboy trevoqa" mesajları telefonlarımıza gəldi. Çıxıb öyrəndim ki, qaldığım yerdən cəmi bir neçə kilometr aralıda Şevçenko prospektini kasetli bomba ilə bombalayıblar. Tez ora yollandım. Çatanda küçə dağılmışdı. Ətrafda dağılmış maşınlar, iki yaralı və bir meyit vardı. Hiss olunurdu ki, sanki zərbələr axıra kimi işini görə bilməyib. Yarımçıq qalıb. Səhər saat 8-də vurmuşdular deyə, insanların küçədə fəal olduğu vaxta düşmüşdü. Çoxu işə tələsənlər idi. Çəkiliş edərək irəliləyirdim.
Birdən qarşıda çaxnaşma gördüm. İnsanlar toplaşıb bir-birinə qarışmışdılar. Çoxu hərbi və polis paltarında idi. Yaxınlaşanda aralarında Arturu gördüm.
Uzun cəhddən sonra anlaya bildim ki, səhər atışması zamanı demək olar ki, möcüzə baş verib. Artur öz planşeti ilə şəhərin başqa istiqamətindən, 20 kilometr məsafədən kasetli bomba atan Rusiya ordusunun zirehli maşınlarının yerini təyin edib. Arturun sayəsində həmkarları anındaca onları yerindəcə məhv edib zərbələrə mane olublar. Ən maraqlısı isə, sonralar verilən rəsmi açıqlamalardan aydın oldu ki, bu dəfəki hədəf bu ərazidə yerləşən polis idarəsi imiş... Artur onları demək olar ki, xilas edib.
Mübariz Aslanov