Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ruh, yoxsa bədən? Əxlaq, yoxsa hüquq? Şərq, yoxsa Qərb?
Aqşin Yenisey yazır...
Texnoloji Renessansın insanı "transhuman"a, "homo deus"a, tanrının funksiyalarını öz üzərinə götürmüş "ənəlhəqq"ə çevirəcək transhumanizm haqqında növbəti yazılarımızdan birində daha geniş yazacağam. İndi isə qısaca deyim ki, transhumanizm insan həyatını elmi-texnoloji bir məhsula çevirməyin, onu mənəvi-ruhani keçmişindən təmizləməyin üstünlüklərindən bəhs edən intellektial bir baxışdır.
Transhumanizm insanı ölümsüzləşdirmək ideyası və cəhdidir. Transhumanizm insanın metafizik dünyaya əbədi müqavimətinin yeni mərhələsidir. Bu yazımızda mövzunun köklərinə baş vuracağıq.
Humanizm ideyası XIII əsrdə Dante yaradıcılığından qığılcımlanıb, XVI əsr Avropa Renessansı ilə bütün dünyanı işıqlandırsa da, közünü qədim Yunan və qədim Roma mədəniyyətlərindən alır. Ancaq biz bu yazıda yunan humanistləri Falesin, Epikürün, yaxud ilk Roma şübhəçiləri Siseron və Senekanın humanizm fəlsəfəsindən deyil, praktik humanizmin köklərindən danışacağıq. Bu, Roma hüququdur.
Roma hüququnun dünyaya humanist təsirinə keçməzdən öncə qısaca olaraq əxlaq və hüququn, ruha və bədənə yönəlik davranışların fərqi haqqında danışaq. Mifologiyalar, dinlər o zaman və o cəmiyyətlərdə sosial narrativlər kimi çıxış edirlər ki, orada insanlar bədənlərinin deyil, ruhlarının gələcəyini, aqibətini düşünürlər, hətta lazım gələndə bədənlərini ruhlarının komfortlu gələcəyi naminə qurban verirlər.
Buna görə də əxlaq son nəticəsi ruha hesablanmış qanunlar toplusudur və qanunverici orqan yerində tanrı çıxış edir. Son anda verilən mükafat və cəza da ruha çatacaq. Biz, sadəcə, zinakar qadını daş-qalaq edərək onu öldürüb tanrının məhkəməsinə göndəririk. Biz nə edək ki, bunun yolu onu öldürməkdən keçir? Hüquq anlayışı ruhu rədd edir, onun obyekti bədəndir. Hüququ tanrının ruha olan münasibəti maraqlandırmır.
Şərq və Qərb bu nöqtədə, Roma hüququnun səhnəyə çıxması ilə ayrılır; Şərq ruhu, Qərb bədəni insanın əsili, orijinalı kimi tanıyır. Bu günə qədər bədən Şərq fəlsəfəsinin mövzusu olmasa da, Qərb fəlsəfəsi yüz illərdir ki, yalnız bədəni düşünür. Xüsusilə XX əsr Qərb filosofları naturadan insan bədənini çəkən rəssamlara bənzəyirlər. Hazırda oxuduğum Mişel Fukonun “Həbsxananın doğuşu” kitabı cəza qanunu ilə bədənin qarşılıqlı münasibətlərinin tarixindən bəhs edir və ilk fəsli də belə adlanır: "Məhkumların bədəni".
Bunun kökü imperator Feodosinin hakimiyyətinə dayanır, desək, yəqin ki, yalan danışmış olmarıq. Feodosi xristianlığın Roma imperiyasının yeganə dini olduğunu elan etsə də, kilsənin "ius sacrum"dan, yəni xristianlıqdan əvvəlki "Müqəddəs qanun"dan kənara çıxmasını əngəllədi. Romada əsas qanunverisi orqan dövlət idi. Bu, o demək idi ki, Roma din və dövlət, ruh və bədən arasında bölgü aparmışdı, bədənlər dövlətin idi, ruhlar kilsənin.
Çağımızın həm keçmişi, həm gələcəyi görən Nostradamuslarından biri yəhudi alimi Yuval Harari transhumanizmin XX əsrin ortalarından etibarən əhəmiyyətini itirən tənqidi zəkanın süqutundan qidalandığını deyir. Yeni çağın şüarı budur: köhnə ilə əlləşməyi burax, yenini yarat! "Xalis zəkanın tənqidi", yaxud "xalis tənqidin zəkası" dövrü bitdi.
Bu gün sosiologiyada "mədəni cəmiyyət hansıdır?" sualına verilən cavabları sıralamadan belə bir ümumiləşdirmə aparmaq olar ki, mədəni cəmiyyət bütün insanlığın yaşamaq üçün can atdığı, beynini atalarının yaratdığı miflərin, inancların, törə adətlərinin işğalından azad etmiş cəmiyyətlərdir.
Bu gün insan nəslinin artıb-törəməsi üçün keçmiş dünyada olduğu kimi, mifə, inanca, adət-ənənəyə deyil, yaxşı maaşa, hamını bərabər məsafələrdə və bərabər ölçülərdə qoruyan hüqüq sistemlərinə, boş və iş vaxtının düzgün bölüşdürüldüyü həftəlik qrafiklərə ehtiyac var. Bu günün insan köçlərinin üz tutduğu ünvan bol heyvanların yox, bol insanların yaşadığı torpaqlardır.
İnsanlığın qədim özünüqoruma instikti bu gün balığı bol olan nohuru deyil, balıqçılıq sənayəsi inkişaf etmiş şəhəri tərcih edir. Ruhdan bədənə, əxlaqdan hüquqa, Şərqdən Qərbə qaçış var, həm də qarşısıalınmaz bir qaçış. Mifin, inancın, adətin hegemon olduğu dünyada fərd xalqın himayəsindən asılı idisə, bu gün xalq fərdin himayəsindən asılıdır.
Bu gün güclü fərdləri olmayan xalqlar, millətlər dədələrinin mifləri, inancları, adət-ənənələri ilə heç bir şeyə qadir deyillər. Bu günün müdriki ruhunu göylərə ucaltmaq üçün bədəni ilə səyyar ayaqyolu kimi rəftar edən hind qurusu deyil, bu günün müdriki Bill Qeytsdir ki, pulu Rusiya kimi bir dövlətin büdcəsinin yarısına bərabər olsa da, öz sadəliyi ilə dünyaya gözütoxluq haqqında bütün hind mədəniyyətindən daha çox mesaj verir.
Qədim romalıların "iurisprudentia" (hüquq elmi) mədəniyyəti olmasaydı, bəlkə, qərblilər də bizim kimi öz "Qaranlıq çağ"larından çıxa bilməyəcək, önlərini naməlumluq içində görüb, məlum olana, keçmişə, tarixə, dədələrinin qırx dəvəni bir iynə deşiyindən keçirdiyi yalan-palan nağıllara cumacaqdılar. Həm də dönə-dönə. Keçmişi öyən nəsillər bir-birini əvəz edəcəkdi, eynən indi bizdə olduğu kimi.
Misirli Nemezidanın qanunlar külliyyatı halına salınmış şəkli olan Roma hüququ tətbiq olunduğu gündən etibarən sekulyarlığı, dünyəviliyi əsas götürürdü. Yazılı, mərkəzi və qanunverici bir sistem olaraq, sadəcə, haqları və qadağaları tənzimləmirdi, eyni zamanda, hüquqi institutlar yaradaraq təkcə insanlararası münasibətləri deyil, həm də hakimiyyət, güc və inzibati qurumları tənzimləyirdi.
VI əsrdə I Yustinian Qərbi Roma İmperatorluğunun itirdiyi torpaqları yenidən ələ keçirmək və Roma hüququnun bu torpaqlarda tətbiq olunmasını təmin etmək məqsədilə bütün hüquqi əsasları "Corpus Iuris Civilis" adlı külliyyatda toplamaq üçün əmr imzalayandan yüz il sonra Şərqdə heç bir sekulyar, dünyəvi əsası olmayan, yalnız əxlaqi dezinfeksiya məqsədi güdən qədim yəhudiliyin şəriət qadağaları yenidən qılınca sarılırdı.
Bu qadağaların bir çoxunu özünün qanunlarına çevirən İslam xilafətə antik yunan və Roma fəlsəfəsindən bol-bol bəhrələnsə də, Roma hüquq sistemini görməzdən gəldi. İslam yarananda Qərb özünün "Qaranlıq çağı"nı yaşayırdı, ilk müsəlmanlar Roma hüququnu dirildib xristianları qabaqlaya bilərdilər, amma onlar Qərbin "Qaranlıq çağı"nı sevdilər.
Müsəlman aləmində bu gün də hüququ tənzimləmə qədim Roma hüququ səviyyəsində deyil. Bu gün də Şərqdə hüquq professorlarının deyil, mənəviyyat dəllalarının səsi daha gur çıxır. Roma hüququnun əsas dayaqları isə Roma hüquqşünasları idilər ki, onlar heç bir fəlsəfi doktrinaya, spiritual nəzəriyyələrə, konkret logika və etimologiyalara əhəmiyyət vermirdilər (Adolf Berqer).
Onların əsas işi məsləkləri gərəyi gündəlik həyatın hüquqi ehtiyac və zərurətlərini saf-çürük etmək idi. Qədim Roma hüququndakı təkcə "humanitas" (insansevərlik) və "maiestas populi Romani" (Roma xalqının böyüklüyü) anlayışlarının adını çəkmək kifayətdir ki, Qərbin sonrakı inkişafının qıfılına düşən açarın yerini biləsən.
“Qaranlıq çağ” deyilən Roma sonrası dövr Qərb insanını nə qədər alçaltsa da, onun yaddaşındakı "Roma vətəndaşı" qürurunu (hüququnu) yox edə bilmədi.
Romalıların insansevərliyi təkcə Roma vətəndaşları ilə məhdudlaşmırdı, eyni zamanda, Romaya tabe olan digər xalqların nümayəndələrinə də bu hüquqlardan pay düşürdü. Məsələn, Siseron yunanca danışan bir Asiya əyalətinə rəhbərlik edən qardaşına deyirdi:
"Afrika, İspaniya, Qalileydəki kimi barbarların hökmdarı olsan da, onların mənafelərini qorumaq və insanca rəftar etmək sənin insanlığını göstərəcək. Çünki bizlər romalılar olaraq dünyaya humanizm öyrədən insanlarıq".
Roma hüququnun modern hüququn əcdadı olaraq Qərbi irəli aparmasının səbəbi nə idi?
Birincisi, Roma hüququnda daha öncəki heç bir hüquq sistemində olmayan sistemlilik vardı və tutalım, Hammurapi qanunlarından fərqli olaraq, fərdi ədalətə deyil, ictimai mühakiməyə əsaslanırdı. Məsələn, insani vəhşilik olan qisasalma ilk dəfə Romada fərdi mühakimədən çıxarılıb ictimai mühakimənin səlahiyyətinə verildi.
Halbuki 2019-cu ildə Şərqin bir parçası olan Azərbaycanda bir şəxs qan düşmənlərindən qisas almaq üçün bir bazar adama atəş açdı. İkincisi, Roma hüququ sekulyar bünövrə üzərində inşa edilmişdi. Yadınızdadırsa, biz də yazımızın əvvəlində belə bir cümlə qurmuşduq ki, bu günün mədəni cəmiyyətləri beynini atalarının yaratdığı miflərin, inancların, törə adətlərinin işğalından azad etmiş cəmiyyətləridir. Beyni əsarətdə olan insanın azadlığı vəhşilikdir. Roma hüququ Qərb insanının beynini bu işğaldan təmizləmək üçün davamlı olaraq nə az, nə çox, min il çalışdı.
Bu gün insanı elmi-texnoloji məhsul kimi görərək onu irsi xəstəliklərdən, mənəvi-tarixi travmalardan, vaxtsız ölümlərdən qorumağı qarşısına məqsəd qoyan transhumanizm ideyalarının tüğyan etdiyi bir dövrdə hansı cəmiyyət mədəniliyi, sağlamlığı, inkişafı keçmişə, mifə, dastana, əfsanəyə qayıtmaqda görürsə, yolu açıq olsun!
Rəylər