Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və gecə bəzi yerlərdə az qar yağacağı ehtimal olunur.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin bildirdiyinə görə, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Fevralın 6-da Azərbaycanın rayonlarında da gecə və səhər bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun Mərkəzi Aran rayonlarında gecə 3-8 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 13-19 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.