Sosial şəbəkələrdə Şabran rayonu Padar kənd tam orta məktəbinin təhlükəli vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb. Həmin kadrlarda sinif otaqlarının divarlarında ciddi çatların əmələ gəldiyi müşahidə olunur. Bildirilib ki, yaranmış riskli duruma baxmayaraq, şagirdlər həmin məktəbdə dərs prosesinə davam edirlər.
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni məktəb binalarının inşası və mövcud olanların əsaslı təmiri idarənin prioritetlərindən biridir:
"Son iki il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib. Eyni zamanda, 5 modul tipli məktəb istifadəyə verilib, 8 məktəb binası isə tam sökülərək yenidən inşa edilib.
Hazırda Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisi davam edir. Belə ki, Quba rayonu Hacıhüseynli kəndində 528 şagird yerlik məktəb binası, Qusar rayonu Kuzunqışlaq kəndində 220 şagird yerlik, Şabran rayonu Ağalıq kəndində isə 648 şagird yerlik məktəb binalarının tikintisi aparılır.
Şabran rayon Padar kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Binanın əsaslı təmiri və yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Qeyd edirik ki, təhsil müəssisələrinin tikinti və təmiri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir".
Məhərrəm Əliyev