Aprelin 27-də, saat 15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən 107 saylı avtobusun qəzaya uğraması səbəbilə çağırış qeydə alınıb.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası dərhal hadisə yerinə cəlb edilib.
"Təcili tibbi yardım briqadası tərəfindən 42 yaşlı şəxs (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicə almaq məqsədilə evə buraxılıb", - məlumatda bildirilib.
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.
Oxu.Az-ın məlumatına görə, 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun "Hyundai" markalı minik maşını ilə toqquşması nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Samir Əli
Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, qəza aprelin 27-də saat 15:30 radələrində qeydə alınıb. Belə ki, 197 nömrəli marşrut xətti üzrə hərəkətdə olan "Daewoo" markalı sərnişin avtobusu "Hyundai" markalı minik maşını ilə toqquşub.
İddialara əsasən, qəzaya manevr qaydalarının pozulması səbəb olub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq yaşıllıq sahəyə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəyib.
Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.