Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Bakıya “Qəhrəman şəhər” adının verilməsi təklifi ilə çıxış edib.
Oxu.Az Kavpolit-ə istinadən səfirin bəyanatını təqdim edir:
“Əlbəttə, mən Bakıya “Qəhrəman şəhər” statusunun verilməsi təklifinə pozitiv yanaşıram və bu təşəbbüsü dəstəkləyirəm.
Bakı şəhəri Böyük vətən müharibəsi illərində qələbə üçün çox şey edib.
Belə bir ifadə var idi: bu, mühərriklər müharibəsi idi, mühərriklər isə benzinsiz işləmir. Bakı şəhəri sutkanın 24 saatını cəbhədə qələbənin əldə edilməsi üçün çalışırdı.
Bundan başqa Azərbaycandan cəbhəyə 660 min vətəndaş çağırılıb, həmin zaman isə respublikanın əhalisinin sayı beş milyon nəfərdən ibarət olub. Qadınlar və uşaqlar istirahət bilmədən cəbhə üçün çalışıblar.
Neftin çıxarılması üçün lazım olan mühəndisləri və işçiləri arxa cəbhədə saxlayırdılar, onlar isə cəbhəyə can atırdılar.
Yeni nəsil təyyarələrin yüksək keyfiyyətli benzin ilə təchiz edilməsi lazım olan həmin çətin müharibə illərində, kimyaçı-alim Yusif Məmmədəliyev oktan ədədini artıran xüsusi aşqarı icad etdi.
Belə ki, Bakı qələbə üçün çox şey edib və ona “Qəhrəman şəhər” adını vermək ədalətli olardı.
Bu gün biz müxtəlif ölkələrdə yaşayırıq, amma bu Bakıdan cəbhəyə çağırılan və orada həlak olanlara, eləcə də cəbhə üçün işləyən, təkrar edim gecə-gündüz işləyənlərə ehtiram ifadəsi olardı.
Bu bir daha qələbənin bərabər qazanıldığının sübutu olacaq, müharibədə yalnız ruslar deyil, bütün Sovet İttifaqı vətəndaşları qələbə qazanıb.
Ona görə də Bakıya “Qəhrəman şəhər” adı verilməsi mühüm ictimai-siyasi akt olardı. Qələbə üçün səylərini əsirgəməyənlərə və böyük əmək sərf edənlərə ehtiram bildirmək doğru olardı.
Azərbaycanda müxalifət sektoruna gəldikdə isə, düşünürəm ki, müxalifət nümayəndələri də bunun bizim ümumi qələbəmizin olduğunu çox gözəl başa düşürlər.
Azərbaycanın müxalifəti bunun tarixə aidiyyatı olduğunu anlamaq üçün yetərincə dərrakəlidir. Bundan başqa, Bakıya “Qəhrəman şəhər” statusunun verilməsi məsələsi vaxtilə qoyulmuşsa da, hələ ki öz həllini tapmayıb.
Və mənə elə gəlir ki, bu indi tarixi ədalətin bərqərar olması aktı olardı. Ona görə də düşünürəm ki, müxalifətçilərdən çətin ki, kim isə əks fikirlə çıxış etsin.
Azərbaycan Bakı üçün “Qəhrəman şəhər” (1941-1945-ci illər Böyük Vətən Müharibəsindən sonra SSRİ tərəfindən təltif edilirdi) statusunu almağa cəhd edir”.
Qeyd edək ki, daha öncə Bakıya “Qəhrəman şəhər” statusunun verilməsi təklifi ilə Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərov çıxış edib.
“Biz Rusiyadan Bakıya “Qəhrəman şəhər” statusunun verilməsinə dair qərar gözləyirik”, - Əsgərov bəyan edib.
Onun sözlərinə görə, Rusiya SSRİ-nin xələfi kimi bu qərarı qəbul edə bilər.
“Biz tarixi ədalət tələb edirik. Azərbaycanın mərhəmətə ehtiyacı yoxdur. Biz sadəcə Böyük Vətən müharibəsində qələbənin həm də Azərbaycan neftçilərinin və Bakı neftinin hesabına qazanıldığına dair tarixi faktın təsdiqini tələb edirik. Dünya bu faktı bilməli və tanımalıdır”, - vitse-spiker vurğulayıb.