Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.
Oxu.Az xəbər verir ki, mediatur zamanı agentliyin şöbə müdiri Nicat Abasbəyli bildirib ki, ötən ilin may ayında istifadəyə verilən, müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş 25 çarpayılıq Şəmkir Uşaq Reabilitasiya Mərkəzində əlilliyi olan uşaqların tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir:
"Müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək, musiqi terapiyası və s. istiqamətlərdə xidmətlər göstərilir".
Onun sözlərinə görə, ötən dövrdə Şəmkir Uşaq Reabilitasiya Mərkəzində əlilliyi olan 5400-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib:
"Onlardan dörd minə qədəri ambulator, digərləri stasionar, həmçinin icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb edilib".
N.Abasbəyli diqqətə çatdırıb ki, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi müasir avadanlıqlarla təchiz olunub və əlilliyi olan uşaqlara bütün xidmətlər göstərilir:
"Mərkəzə qəbulda multidisiplinar yanaşma tətbiq olunur. Əlilliyi olan şəxsin diaqnoz və sosial cəmiyyətə inteqrasiyasına uyğun olaraq multidisiplinar komanda tərəfindən dəyərləndirmə aparılır. Əlilliyi olan şəxsin tibbi ehtiyacları ilə yanaşı, sosial-psixoloji ehtiyacları da qiymətləndirilir və ona uyğun fərdi reabilitasiya proqramı tərtib olunur. Həmin proqrama əsasən, əlilliyi olan uşaqlar reabilitasiya mərkəzində xidmətlərdən faydalana bilirlər. Bu mərkəzlərdəki xidmətlər əlilliyi olan uşaqlar üçün nəzərdə tutulub. Bu xidmətlərdən faydalanmaq istəyən vətəndaşlar ərazi üzrə tibbi-sosial ekspertiza komissiyalarına, birbaşa reabilitasiya mərkəzlərinə müraciət edə bilərlər".
"Ölkə üzrə əlilliyi olan böyüklərə də reabilitasiya xidməti göstərən mərkəzlərimiz mövcuddur. Bu mərkəzlər Bakı ilə yanaşı, Xaçmaz, Lənkəran, Şirvan, Naftalan, Yevlax və Şəki şəhərində fəaliyyət göstərir", - deyə o əlavə edib.
Daha sonra media nümayəndələri Şəmkir Uşaq Reabilitasiya Mərkəzində yaradılan şəraitlə, əlilliyi olan uşaqlara göstərilən reabilitasiya xidmətləri, burada tətbiq olunan fizioterapevtik müalicə prosedurları ilə tanış olublar.
Qeyd edək ki, hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı şəhərində 1 və 2 saylı, habelə Şəmkir və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir.
Aləmdə Nəsib