Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan dörd nəfər (kişi cinsli) saat 02:50-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən üç nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bir nəfər şəxsin isə vəziyyəti ağır olduğu üçün göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, iyulun 9-u, saat 03:50-də ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndi ərazisində qeydə alınıb.
Şəmkir şəhər sakini, 1992-ci il təvəllüdlü Anar Atakişizadə KIA markalı 10-UR-057 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb.
Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər - Şiştəpə kənd sakinləri, 1993-cü il təvəllüdlü Orxan Atakişiyev, 1993-cü il təvəllüdlü Cəmil İbadullayev və 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar. İ.Atakişiyev aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova