Səyyar “ASAN xidmət”in xüsusi avadanlıqlarla təchiz olunmuş avtobusları vətəndaşların xidmətlərdən yararlanmaları üçün aşağıdakı regionlarda əhaliyə xidmətlər göstərir:
Naftalan, Masallı, Hacıqabul, Quba, Qəbələ, Siyəzən, Yevlax, Pirallahı.
Bu barədə Dövlət Agentliyindən Oxu.Az-a bildirilib.
Eyni zamanda, aprelin 1-dən etibarən Səyyar “ASAN xidmət” Füzuli rayonunda da xidmət göstərəcək.
Bununla yanaşı, məktəblilərin ödənişsiz şəxsiyyət vəsiqələrini daha operativ və rahat əldə etməsi məqsədilə bir Səyyar “ASAN xidmət” avtobusu “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası çərçivəsində məktəblilərə xidmət göstərir.
Bu aksiya Bakı şəhərində yerləşən bütün məktəbləri əhatə edənə qədər davam edəcək.
Qeyd edək ki, “Sənədsiz məktəbli qalmasın” aksiyası çərçivəsində bu günədək 4 mindən çox məktəbliyə şəxsiyyət vəsiqəsinin verilməsi təmin olunub. Ümumilikdə isə 2013-cü ildən bu günədək Səyyar “ASAN xidmət” vasitəsilə 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
Xatırladaq ki, Səyyar “ASAN xidmət” 2013-cü ildə 2 avtobusla fəaliyyətə başlayıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əlavə xüsusi avadanlıqlarla təchiz olunmuş 8 avtobus alınaraq avtobusların sayı 10-a çatdırılıb.
Bununla da, Səyyar “ASAN xidmət”in ölkənin bütün regionlarını əhatə etməsi təmin olunub. Belə ki, Səyyar “ASAN xidmət”in avtobusları dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir.
Ülviyyə R. Əli
www.oxu.az