Hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalıb.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, yas mərasimləri elə təşkil edilməlidir ki, bir-birindən fərqlənməsin:
“Nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı layihə hazırlanır. Layihənin qəbul edilməsindən sonra kimliyindən asılı olmayaraq, hər kəsin eyni səviyyədə və formada basdırılması təmin ediləcək. Daha heç kimin qəbrində qeyri-adilik olmayacaq, çəpərləmələr olmayacaq. Bütün bunlar dində buyurulmayıb”.
Siyavuş Novruzov qeyd edib ki, hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalıb:
“Cəmiyyəti inandırmalıyıq ki, bu kimi hallar İslamda yoxdur. Odur ki, mərasimlərin daha sadə keçirilməsini təmin etməliyik. Müasir dövrdə milli adət-ənənələr qanunlarla tənzimlənməlidir. Hər şey qəbul edilən qaydalar çərçivəsində olmalıdır”.
İlhamə Əbülfət
www.oxu.az