Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sovet dövründən qalan "soyuq miras": Qışda isinə biləcəyik?
Payızın dəyişkən havası özünü göstərməkdədir. Paytaxtda hava şəraiti mülayim olsa da, dağlıq və dağətəyi rayonlarda artıq havalar soyuyub. Havalar soyuduqca, insanların istiliklə bağlı qayğıları artır. Çünki əksər çoxmənzilli binalarda yaşayan sakinlər qış aylarında mənzillərin yaxşı qızdırılmamasından gileylənirlər.
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Qeyd edək ki, ölkəmizdə mənzillərin və fərdi evlərin isidilməsi üçün müxtəlif mənbələrdən istifadə olunur. Bakıda və digər iri şəhərlərdə xeyli sayda çoxmənzilli yaşayış binası mərkəzləşdirilmiş qaydada qızdırılır. Mərkəzi istiliyin verilməsi hər il noyabrın 15-də başlayıb aprel ayının 15-də sona çatır. Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "İstilik enerjisindən istifadə qaydaları"nın 1.4-cü bəndinə əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Yəni bununla bağlı istehlakçı və "Azəristiliktəchizat" ASC arasında müqavilənin olması mütləqdir. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab edilir. Lakin sözügedən müqaviləni bağlamaqdan imtina edənlər də az deyil. Vətəndaşlar buna əsas səbəb kimi xidmət keyfiyyətinin aşağı, istiliklə bağlı tariflərin yüksək olmasını göstərirlər.
Xatırladaq ki, bu xidmətin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda "Azəristiliktəchizat"dan istilik alan əhali qrupu mənzilin hər kvadrat metri üçün 15 qəpik, qeyri-əhali qrupu üzrə bir kub isidilən həcmə 25 qəpik, bir Qkala görə isə 30 manat ödəyir.
Bəs, görəsən, mövcud problemin həlli istiqamətində hansı addımların atılmasına ehtiyac var? "Azəristiliktəchizat" ASC yeni mövsümə necə hazırlaşır?
"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyir ki, hazırda payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir: "Hər il hazırlıq mövsüm başa çatdıqdan sonra növbəti mövsüm başlayan günə qədər davam edir. Magistral və məhəllədaxili xətlər hidravlik təzyiqlə yoxlanılır, qazanxanalarda təmizlik işləri aparılır, avadanlıqlar yoxlanılır. Hazırda qurumun balansında 564 qazanxana mövcuddur.
Ümumilikdə, 3 871 yaşayış binası, 184 500-dən çox mənzil, 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti, 2 224 sosial və təsərrüfat obyektləri istiliklə təmin olunur. Məhz bu il 564 qazanxanadan beşi sökülərək yerində yenisi qurulub. Səbail, Nizami, Nərimanov və Yasamal rayonunda daha dörd qazanxana sökülüb və hazırda yerində müasir tipli qazanxana tikilir. Səbail rayonunda bir qazanxana isə zirzəmidən çıxarılaraq yeni layihə əsasında qurulur. Yenidən qurulan qazanxanalar daha təhlükəsiz, enerji səmərəliliyi yüksək və ekoloji cəhətdən daha təmizdir". Mətbuat katibinin sözlərinə görə, yeni qazanxanaların tikilməsi daha çox istehlakçıya xidmət göstərmək imkanı yaradacaq: "Məsələn, Nizami rayonu ərazisində sökülən qazanxana ilə əvvəl 19 binanı istiliklə təmin etmək mümkün idisə, yeni qazanxana 29 binanı istiliklə təmin etmək gücünə malikdir".
"Azəristiliktəchizat" ASC ilə istehlakçılar arasında müqavilələrin bağlanılması məsələsinə aydınlıq gətirən E.Basqallı bu prosesin bir ilə yaxındır davam etdiyini vurğulayır: "Təbii ki, keyfiyyətdən razı olmayan, yüksək keyfiyyətli istilik almadığını iddia edən istehlakçı istənilən vaxt "Azəristiliktəchizat" ASC-yə müraciət edə bilər. Bu halda müvafiq akt tərtib olunaraq həmin mənzil mərkəzləşdirilmiş qaydada istiliklə təminatdan çıxarılır. Amma indiyədək belə halla rastlaşmamışıq. Artıq ümumi mənzillərin 50 faizdən çoxunda istehlakçı ilə müqavilə bağlanılıb. Müqavilə ilə bağlı problem yoxdur. Əsas problem köhnə tipli qazanxanalarla bağlı yaranır. Hazırda 60-dan çox qazanxana köhnədir.
Bu istiqamətdə də bu ildən işlərə başlanılıb və köhnə tipli qazanxanalar yenilənir".
Azad İstehlakçılar Birliyinin Kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov "Azəristiliktəchizat" ASC ilə müqavilə bağlamaqdan imtina edən istehlakçıları haqlı sayır. Onun sözlərinə görə, bu qurumun fəaliyyəti rentabelli olmadığından ləğv edilməsinə ehtiyac var: "Həm "Azəristiliktəchizat" ASC, həm də mövcud istilik sistemi bizə sovet dövründən miras qalıb. İstilik şəbəkəsinin xətləri çox köhnədir, boruların istismar müddəti 30-33 ildir, artıq çürüyüblər. Nəticədə mütəmadi olaraq sistemdə sızmalar ortaya çıxır. Soyuq aylarda əhali məcbur olub mənzilə istiliklə yanaşı, elektrik qızdırıcıları qoşur. Ayın sonu isə "Azəristiliktəchizat" ASC keyfiyyətsiz istiliyə görə abonentlərdən pul istəyir. Əslində Azərbaycanda istilik tarifləri baha deyil, sadəcə xidmət keyfiyyətsiz olduğundan tərəflər arasında narazılıq yaranır. Abonentlər keyfiyyətsiz istiliyə görə aylıq ödənişi etməkdən imtina edir, ödənişi gecikdirirlər. Təbii ki, buna görə haqlıdırlar. Amma istehlakçının ödənişi gecikdirməsi nəticəsində "Azəristiliktəchizat" ASC zərərlə işləyir və suya, qaza, elektrik enerjisinə görə böyük miqdarda borcu yaranır. Bu, dövlət qurumları arasında mübahisəyə səbəb olur ki, ziyanı yenə də vətəndaşa dəyir".
Mütəxəssis problemdən çıxış yolunu kombi sisteminin tətbiq olunmasında görür: "Hesab edirəm ki, zamanla mərkəzləşdirilmiş istilik sistemi tarixə qovuşacaq. Çünki keyfiyyətli xidmət üçün yeni qazanxanalar tikilməli, xətlər dəyişdirilməlidir. Bu, külli miqdarda vəsait tələb etdiyindən mümkün görünmür. Həm də binalar bir-birinə o qədər yaxın inşa olunub ki, yeni qazanxana tikməyə yer qalmayıb. Gələcəkdə daha ciddi çətinliklərlə qarşılaşmamaq üçün ən uyğun seçim kombi sistemidir. Bu sistem ya dövlətin, ya da vətəndaşın şəxsi vəsaiti hesabına qurula bilər. Məsələn, imkanı olmayan vətəndaşlara kombi sistemi qurmaq üçün dövlət tərəfindən güzəştli şərtlərlə kredit verilə bilər".
Onun fikrincə, son illər dünyada baş verən iqlim dəyişmələri fəsillərə mənfi təsir etdiyindən bu təqvim mahiyyətini itirib: "Qış-yaz mövsümü ardıcıllığı sovet dövründə qoyulmuşdu. Noyabrın 15-dən aprelin 15-dək qış mövsümünə keçid edilir, qazın təzyiqi artırılır, istilik sistemi işə düşürdü. İndi iqlim dəyişmələri ilə bağlı belə bir təqvim mahiyyətini itirib. Bəlkə elə oktyabrın sonu qar yağdı, şaxta oldu? Mərkəzi istilik sistemi ilə qızdırılan binaların sakinləri soyuqdan donmalıdırlarmı?"
"Azəristiliktəchizat ASC" teqi üzrə xəbərlər
- Azərbaycanda 30-40 ilin ən soyuq qışı gözlənilir: Aidiyyəti qurumlar hazırdırlarmı?
- Xətai rayonunda istilik problemi nə vaxt həll ediləcək?
- Paytaxtda olan tam orta məktəb niyə istiliksiz qalıb?
- Nizami rayonundakı uşaq bağçasına istilik verilməməsinin SƏBƏBİ AÇIQLANDI
- Samir Şərifov "Azəristiliktəchizat"ın qazanxanaları barədə: "Səmərəlilik olduqca aşağıdır"
Rəylər