İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisənin təfərrüatı məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, ilkin araşdırmalar zamanı əldə olunan məlumatlara əsasən, hadisənin sürücünün diqqətinin mobil telefona yönəlməsi nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
"BDYPİ bir daha sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə diqqətin yayınmasına, yol şəraitinin düzgün qiymətləndirilməməsinə və ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan ən ciddi risk amillərindən biridir.
Sükan arxasında telefona baxdığınız cəmi bir neçə saniyə geri dönüşü olmayan faciəyə səbəb ola bilər. Heç bir zəng, mesaj və ya bildiriş insan həyatından daha dəyərli deyil. Sükan arxasında diqqətiniz yalnız yolda olsun".

Xatırladaq ki, ötən gün saat 16 radələrində İsmayıllı rayonu ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüblər, 1 nəfər xəsarət alıb.