Son dövrlərdə süni intellekt vasitəsilə hazırlanmış foto və videoların insanların nüfuzuna xələl gətirmək məqsədilə istifadəsi halları artmaqdadır.
Belə hallardan biri də Bakı Dövlət Universitetinin tələbələri ilə bağlı yaşanıb. Onların fotoları montaj edilərək sosial şəbəkələrdə paylaşılıb və bu addım ictimaiyyət tərəfindən mənfi qarşılanıb.
Həmçinin ötən gün "Global Media Group"un əməkdaşı Kubra Məhərrəmova üzərindən aparılan eksperiment bir daha göstərdi ki, süni intellekt vasitəsilə istənilən şəxsin fotosundan müxtəlif saxta videolar hazırlamaq mümkündür. Bu cür video və şəkillər isə insanlar arasında çaşqınlıq yarada, yanlış təsəvvür formalaşdıra bilər.
Hər kəs risk altındadır, hər birimiz dipfeyklərin qurbanı ola bilərik.
Maraqlıdır, bəs görəsən, dipfeyklərdən qorunmağın yolları nələrdir?
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan informasiya texnologiyaları (IT) üzrə mütəxəssis Vahid Qasımov bildirib ki, dipfeyklərlə doğru məlumatların ayırd edilməsi süni intellekt (Artificial Intelligence (AI)) sistemlərinin inkişafı ilə gündən-günə çətinləşir:

"Ona görə də bu sahədə ilk növbədə hüquqi baza yaradılmalıdır ki, süni intellekt vasitəsilə yaradılan məzmunun daxilində mütləq formada o barədə məlumat yerləşdirilsin. Bu, ya açıq şəkildə loqonun yerləşdirilməsi, ya da gizli formada fayl strukturu şəklində ola bilər. Əks halda süni intellekt ilə hazırlanan şəkil və videoların reallıqdan fərqləndirilməsi çox çətindir".
Ekspert bildirib ki, dipfeyklərdən qorunmağın iki yolu var:
"Biri - sizin haqqınızda dipfeyk təsvir, ya da videoların hazırlanmasının qarşısını almaq, digəri isə hazırlanmış dipfeyk məlumatların təsirinə düşməməkdir. Birinci haldan qorunmağın tək yolu odur ki, sosial şəbəkə hesablarında öz şəkil və videolarını yerləşdirməkdən mümkün qədər çəkinəsən. Bu isə ancaq sadə vətəndaşları qoruya bilər. İctimai şəxslərin şəkil və videoları mediada tez-tez yayımlandığına görə bu üsulla onların qorunması mümkün deyil".
* Gecə yaradılan, səhər silinən saxta hesablar: BDU-nun tələbələrini hədəfə aldılar - VİDEO - FOTO
Ekspert əlavə edib ki, süni intellektlə hazırlanmış məlumatların təsirinə düşməmək və dələduzların alətinə çevrilməmək üçün, əslində, sadə prinsiplərə əməl etmək kifayətdir:
"Yaxşı bilmək lazımdır ki, havayı, həddindən artıq ucuz, qeyri-adi dərəcədə sərfəli və analoqu olmayan təkliflər real həyatda mövcud olmur. Belə vədlərə aldanmamaq, ayıq davranmaq və tələsik qərar verməmək vacibdir. Adətən, zaman keçdikcə bu cür məlumatların yalan olduğu üzə çıxır. Məsələnin psixoloji tərəfləri ilə bağlı mütəxəssislərin rəyini öyrənmək də faydalı ola bilər".
Aygün Mirakif