Azərbaycanın qədim yaşayış məntəqələri təkcə tarixi abidələri ilə deyil, əsrlərdir qorunub saxlanılan sənətkarlıq ənənələri, özünəməxsus mətbəxi və həyat tərzi ilə də diqqət çəkir. Ölkəmizin əsas turizm məkanlarından biri də İsmayıllının Basqal və Lahıc qəsəbələridir.
Oktyabrın 7-8-də Dövlət Turizm Agentliyinin media nümayəndələri üçün Qobustan ərazisində yerləşən Diri Baba türbəsinə, eləcə də İsmayıllı rayonundakı "Basqal" və "Lahıc" Dövlət Tarix-Mədəniyyət qoruqlarına təşkil etdiyi səfər kifayət qədər maraqlı və informativ oldu.
İki gün davam edən mediatur zamanı tarixi abidələrdə aparılan bərpa işləri, turistlər üçün yaradılan şərait, yerli sakinlərin turizm fəaliyyətinə cəlb olunması və qədim sənətkarlıq ənənələrinin yaşadılması istiqamətində həyata keçirilən layihələrlə yaxından tanışlıq imkanımız oldu.
Səfərimizin ilk dayanacağı Qobustan ərazisində yerləşən, Azərbaycanın nadir memarlıq nümunələrindən sayılan Diri Baba türbəsi oldu. Türbəyə ilk səfərim idi.
Qayalıq ərazidə yerləşən bu tarixi abidə özünəməxsus memarlıq quruluşu ilə diqqəti çəkir. Əslində qayanın içində olan bu unikal yerin planını memarmı cızıb, yoxsa təbiətmi - onu tam müəyyən edə bilmədim. Hərçənd tarixi abidə ilə bağlı məlumatda yazılır:
"Diri Baba türbəsinin kitabəsindəki məlumatlara görə bu abidə 1402-ci ildə (hicri təqvimlə 805-ci il) Şirvanşahlar dövlətinin hökmdarı Şirvanşah İbrahimin (1382-1417) əmri ilə tikilib. Türbənin daxili divarlarında Ustad bin Hacı (Ustad Hacı oğlu) yazısına rast gəlinir. Naməlum sufi şeyxlərindən birinin qəbrinin yerləşdiyi bu abidə yerli əhali tərəfindən müqəddəs ziyarətgah kimi qəbul olunur".

Türbənin yaxınlığında diqqətçəkən bir neçə mağara və kahalar var ki, onların şüni şəkildə yaradıldığı bildirilir. Orta əsrlərə aid qəbiristanlıq və türbə ətrafındakı sal qayalar isə landşaftın özünə çox ecazkar bir görkəm verir.
Diri Baba türbəsi Şamaxı-Şirvan bölgəsinin sufi ənənələrini özündə qoruyub saxlayır. Türbənin içində olan mədrəsə də sufilərin həyat tərzindən xəbər verir.
Abidənin adının mənşəyi ilə bağlı rəvayətlərin birində göstərilir ki, bu türbədə dəfn olunmuş şəxs sufi şeyxi Baba olub. Həmin şeyx ömrünün son günlərini hücrəyə çəkilərək ibadət etməklə keçirir və haqq dünyasına qovuşur. Müridləri isə onun öldüyündən bir neçə gün sonra xəbər tuturlar. Yəni Şeyx Baba ölsə də, bir neçə gün "diri qalır". Bu səbəbdən qəbri üzərində türbə tikiləndən sonra buraya Diri Baba türbəsi adı verilir.
Diri Baba türbə kompleksin direktoru Yusif Məmmədov jurnalistlərə açıqlamasında bildirdi ki, 2026-cı ilin yanvar-sentyabr aylarında abidəni 12 175 xarici turist bilet alaraq ziyarət edib. Eyni dövrdə 16 040 nəfər yerli turist isə türbəyə ödənişsiz daxil olub.



Mediaturumuzun növbəti dayanacağı qədim sənətkarlıq ənənələri ilə tanınan Basqal qəsəbəsi oldu. Basqalın dar küçələri, tarixi tikililəri və özünəməxsus memarlıq üslubu burada keçmişlə bu günün necə bir araya gəldiyini göstərir.
Basqalın daş döşənmiş küçələri və çay daşlarından tikilmiş evlərini, yəqin ki, yalnız Lahıcla müqayisə etmək olar.
Basqalda diqqətimi çəkən əsas nüanslardan biri taxta qapılar və divarların içinə hörülən taxtalar idi.
Bildirildi ki, divarların içinə hörülən bu taxta kəmərlər çox böyük bir funksiyanı həyata keçirirlər. Kənd sakini deyir ki, bizim ərazilərdə zəlzələlər həmişə çox olub:
"Bu taxtalar elastiklik yaratdığı üçün zəlzələ zamanı divarları uçmağa qoymur. Divar boyu hər 80 sm-dən bir həmin bu taxta konstruksiya kəmərlə divar əhatələnir. Həm Basqalda, həm də Lahıcda bütün evlər bu qaydada tikilir. Bizim evlər hamısı çay daşlarından tikilib və əksəriyyəti də çapılmamış daşlardan tikilib. Bundan əlavə, evlərin tikintisi zamanı sementdən istifadə edilməyib, yalnız torpaqdan olan palçıqla hörülüb divarlar. Ona görə də, yayda sərin, qışda isə isti olur.
Daha bir maraqlı element isə kəndin, demək olar ki, eyni üslubda bəzəyən taxta qapılar, daha doğrusu onların üzərində qapı döymək üçün istifadə olunan iki növ dəmirin olmasıdır. Bu dəmirlərdən biri kişilərin, digərləri isə qadınların istifadəsi üçün nəzərdə tutulubmuş.
Bu arada, Azərbaycanda pasportu olan yeganə çinar ağacı da Basqalın payına düşüb. Nə az, nə çox, düz 463 ildir ki, gələn fəsilləri qarşılayır, gedənləri yola salır Pir Çinar.



Son illərdə qəsəbədə həyata keçirilən bərpa-quruculuq işləri Basqalın turizm potensialının inkişafına yeni imkanlar yaradıb. Tarixi küçələr ilkin memarlıq xüsusiyyətləri qorunmaqla bərpa edilib, ictimai istifadə üçün mərasim evi yaradılıb. Sənətkarlığın və yerli sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər nəticəsində 20-yə yaxın ailə yenidən Basqala köçüb. Bu isə turizmin yalnız səyahət və istirahət deyil, həm də bölgələrdə məşğulluğun artırılması və yaşayışın canlandırılması baxımından əhəmiyyətini göstərir.
Basqal deyəndə yada düşən sənət nümunələrinin ən öndə gələni şübhəsiz, kəlağayıdır.

Əsrlər boyu Azərbaycan qadınının geyim mədəniyyətində xüsusi yer tutan bu ipək baş örtüyü bu gün də Basqalın əsas simvollarından sayılır. Kəlağayı ustası Ələsgər Xəlilovun emalatxanasında ipəyin boyanması, müxtəlif naxışların xüsusi qəliblər vasitəsilə parçaya köçürülməsi və kəlağayının hazırlanmasının ayrı-ayrı mərhələləri ilə tanışlıq imkanımız oldu.
Kəlağayı yalnız geyim elementi deyil. Onun üzərindəki ornamentlər, rənglər və naxışlar xalqımızın estetik zövqünü, dünyagörüşünü və mədəni yaddaşını əks etdirir.
Təsadüfi deyil ki, 2014-cü ildə "Qadın baş örtüyü kəlağayının hazırlanması və simvolu" UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.



Mediaturumuzun digər dayanacağı Azərbaycanın ən qədim sənətkarlıq mərkəzlərindən biri sayılan Lahıc qəsəbəsi oldu. Dağların qoynunda yerləşən Lahıc özünün daş döşənmiş küçələri, qədim tikililəri, sənətkar emalatxanaları və zəngin mədəni irsi ilə seçilir.

Burada tarixi mühitin qorunması istiqamətində aparılan işlər turistlərin qəsəbəyə marağının artmasına da təsir göstərir. Lahıcın qədim küçələri, Bədöyün məscidi, Hacı Gəray bulağı və "Lahıc" Tarix-Diyarşünaslıq Muzeyi də ziyarət etdiyimiz yerlər siyahısında idi.
Məlumat üçün qeyd edim ki, "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisi 80 hektardır. Bu ərazi qəsəbənin tarixən formalaşmış hissəsini əhatə edir. Burada 100-ə yaxın tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınaraq mühafizə olunur.
Lahıcın ən böyük mədəni sərvətlərindən biri misgərlik sənətidir.

Qəsəbədə misdən hazırlanan qablar, məişət əşyaları və bəzək nümunələri həm yerli sənətkarlığın yüksək səviyyəsini nümayiş etdirir, həm də turistlərin böyük marağına səbəb olur. Misgər Kəbləmi Əliyevin emalatxanasında canlı tarix yaşayır desəm, zənnimcə, yanılmış olmaram.

Burada sənətkarın hazırladığı müxtəlif mis məmulatlar yer alıb. Onların hazırlanması, işlənməsi və naxışlanması prosesləri haqqında məlumatlar da elə sənətin özü qədər maraqlı idi. Misgər Kəbləmi əminin dediklərindən məlum olur ki, misgərlik böyük səbir, dəqiqlik və ustalıq tələb edən sənətdir. Bu peşənin Lahıcda yaşadılması qədim ənənələrin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu arada, 2015-ci ildə "Lahıc misgərlik sənəti"nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi də bu sənətin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.



