Son günlər pensiya yaşına çatan müəllimlərin təqaüdə çıxma məsələsi müzakirə mövzusuna çevrilib.
Sosial mediada edilən paylaşımlarda istifadəçilərin bəziləri tədris ilinin ortasında pensiya yaşına çatan müəllimin birbaşa təqaüdə göndərildiyini söyləyib, bəziləri isə bunun əksini düşünür.
Maraqlıdır, bəs görəsən, tədris ilinin ortasında pensiya yaşına çatan müəllimlər nə vaxt təqaüdə göndərilirlər?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirib ki, tədris ilinin ortasında pensiya yaşına çatan müəllimin birbaşa təqaüdə göndərilməsi ilə bağlı hər hansı qərar yoxdur:

"Müəllimin təqaüdə göndərilməsi tədris müəssisəsinin vəziyyətinə əsasən müəyyənləşir. Tədris müəssisəsində təqaüdə göndəriləcək müəllimin fənninin tədris edəcək başqa müəllim yoxdursa, onun dərs saatları başqa müəllimə verilə bilmirsə, bu zaman müəssisədə pedaqoji şura təqaüd yaşı tamam olan müəllimin tədris ilinin sonuna qədər təhsil müəssisəsində saxlanılması ilə bağlı qərar verir. 80-90 faiz hallarda təqaüd yaşına tədris ilinin ortasında çatan müəllim tədris ilinin sonuna qədər müəssisədə saxlanılır. Pedaqoji şuranın verdiyi qərarı məktəb rəhbəri Elm və Təhsil Nazirliyinə bildirir, müəllim də tədris müddəti bitənə qədər fəaliyyətini davam etdirir".
Aygün Mirakif