Quba rayonunun İdrisqışlaq kənd sakinləri yaşayış məntəqəsindən keçən su kanalının vaxtında təmizlənməməsindən şikayət edirlər. Uzun müddətdir baxımsız qalan kanalı ot basıb, lil qatı ilə dolan məcra isə tez-tez daşır. Nəticədə su evlərə və həyətyanı sahələrə dolur.
Kənd sakinləri yaranan çətinliyi belə ifadə ediblər: "Su qoşulan kimi mənim evimə su dolur. Təxminən 300-400 metr ərazi belədir. Torpaq, zibil, hamısı buranı basıb. Bir balaca daxma tikmişəm, o da suyun içindədir. Xəstə adamam, gücüm çatmır ki, oranı özüm təmizləyim".
Məsələ ilə bağlı Şabran Su-Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Firudin Babayev açıqlama verərək bildirib ki, təmizlik işləri qrafik üzrə aparılacaq:
"Suvarma arxlarının uzunluğu və xidmət etdiyi ərazilər nəzərə alınmaqla təmizləmə işləri növbəli və mərhələli şəkildə həyata keçirilir. Quba rayonunun İdrisqışlaq kənd ərazisindən keçən suvarma arxında lil və kol-kosdan təmizlənmə işlərinin qrafikə uyğun olaraq yaxın vaxtlarda aparılması planlaşdırılır".