Elə oturduğumuz yerdən bir indiki gün-güzəranımıza, bir də Azərbaycanın folkloruna gözucu nəzər atsaq, xalqımızın nə qədər ənənəçi olduğunu görərik. Sizi bilmirəm, amma mən ənənəçilərdən nə siyasi, nə mədəni – ümumiyyətlə, inqilab gözləyəcək qədər xəyalpərəst deyiləm.
Nə qədər desələr də ki, epik folklor nümunəsi olan atalar sözlərimiz Oğuz elinin müdrikliyini ifadə edir, mən atalar sözlərimizin xalqımıza səmimiyyətsizlik və mazoxizm aşılamaqdan başqa bir şey olduğuna inanmıram.
Oxu.Az Qafqazinfo-ya istinadən Sona Yaqubovanın məqaləsini təqdim edir:
“Palaza bürün, ellə sürün”. Məncə əlavə şərhə ehtiyac qalmadı.
Elə ona görə deyilmi ki, illərdir “qonşundan qalma geri” məntiqsizliyilə sürünməkdən birtəhər olmuşuq.
Xəlqimin toy kimi bir adəti var:
O gün dindən uzaq gəzən bir tanışım azı üç saat dərd yanıb mənə. Bir ayda dörd toya getməyinin faciəsindən danışıb. Gördüm vəziyyəti çox pisdi, bir-iki günə Ramazan ayının başlayacağını, azı bir ay toy terroruna məruz qalmayacağını deyib adamı təsəlli etdim. Adam sevindiyindən az qala imana gələcəkdi. Mən də ayda 200-300 azn maaş alıb 4 toya getməli, hər toya da azı 50 azn atası olsaydım nəinki dindar, indi çoxdan rahibə olmuşdum.
Düşünün, yaxınlarınızdan toy dəvətnaməsi alıb kədərlənirsiniz. Vəziyyət bu qədər ağırdı, yəni. Az qala ölkənin konstitusiyasından daha dəqiq işləyən yazılmamış toy qayda-qanunları istər evlənən gənclərin, istərsə də toya dəvətlilərin qorxulu yuxusuna çevrildiyini hər kəs deyir, ama nədənsə heç kim öz növbəsində bu yuxudan oyanmaq istəmir.
Onlar evləndi və ömür boyu kredit ödədilər:
Axı bu səmimiyytəsizlik kimə, nə üçün lazımdır?! Avropada bəylə-gəlin toydan çıxıb bal ayına, bizdə isə kredit ödəməyə gedirlər.
Toy gözəl adətlərimizdəndir. Qalan həyatlarını bir yerdə keçirmək istəyən iki adamın bu xoş gününü yaxınları ilə birgə şadyana qeyd etməsi anlaşılandı. Amma bu qədər ifrata varmaq, toyu toy kontekstinden çıxarıb artıq eybəcər bir mərəkəyə çevirmək 3-5 monopolostin dəyirmanına su tökməkdən başqa bir şey deyil.
Beləcə fantastik filmləri xatırladan toy məclislərimizin qəhrəmanlarının (bəylə-gəlin) sevgi hisslərinin üzərində kimlərsə biznes qurur. İstənilən orta statistik azərbaycanlıya gətirib bir az pul verib desən ki, get bir işin qolundan yapış, gedib ya gözəllik salonu açacaq, ya da şadlıq sarayı. O gözəllik salonlarından ki, gözəl-göyçək bir qız girib, eybəcər, olduğundan xeyli yaşlı, şit görkəmdə bir gəlin çıxır. Hələ bədbəxtin bu hala salınması üçün verdiyi kosmik pul məbləğindən danışmıram.
Toy folkloru xalqın psixologiyasını, həyat tərzini, dünyagörüşünü özündə əks etdirir fikrini əsas götürsək, şadlıq saraylarında tibbi baxımdan birlikdə qəbul olunması yolverilməz olan yeməklərin olması, çeşidlərinin ifrat dərəcədə çoxluğu, (gecə saat 12-dən sonra məclisə gətirilən aşı yeyən adamların orqanizmasına məəttəl qalıram) səslənən musiqilərin bayağılığı, mənasız səs-küy, gurultu, tamadaların pafoslu çıxışları, səviyyəsizlik, cahillik, görməmişlik və israfçılığın göstəricisidir.
Hələ bəylə-gəlinin bu qədər yorucu məclisdən gedib yengəyə hesabat verməsi var…
Mikroiqtisadiyyatın tələb və təklif nəzəriyyəsindən xəbərdar olduğum üçün burda konkret kimi qınayacağımı bilmirəm. Bu bazarda alıcı da satıcı da eyni, boz və dar dünyanın sakinləri olduğu üçün kimsənin - nə toy edənin, nə də toy tutanın fərqli bir seçim etməyə nə ağlı, nə cəsarəti, nə də zövqü çatır. Zövqü, ağlı, cəsarəti çatanların da maliyyə imkanı çatmır. Gördüyümüz kimi, toy təşkilatçılarına ehtiyac bu qədər qaçınılmazdır.
Amma televiziyalarda gözümüzə soxulan şadlıq sarayları, gözəllik salonlarının arasında orqanizator firmalarının reklamına rast gəlmək olarmı? Əsla!!! Axı özünə zövqlü, mədəni, səviyyəli toy proqramı etməyə dünyagörüşü çatmayanlar bunu peşəkarlara həvalə etməlidir. Toy təşkilatçılığı həm gəlirli, həm maraqlı, həm də faydalı işdir. Di gəl bunu bu ənənəçi xalqa anlat. Toy mədəniyyətsizliyinə son qoyun. And olsun Afroditanın gözəlliyinə, hər şey necə başlayırsa, elə də davam edir, eləcə də bitir.