Vətən Müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Bundan başqa 9-u həkim, 7 feldşer və 26 sanitar olmaqla ümumilikdə 42 nəfər xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən Prezident, Silahı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsən nəzarəti altındadır. Dövlətimizin başçısı çıxışlarının birində yaralıların sağlamlığının bərpası ilə əlaqədar tibbi reabilitasiya mərkəzlərinin açılmasına dair göstəriş verib.
Bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov dekabrın 17-də jurnalistlərə müsahibəsində deyib.
E.İbrahimov qeyd edib ki, hazırda Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəzdində ən müasir avadanlıqlarla olunmuş reabilitasiya-bərpa mərkəzləri fəaliyyət göstərir. Yaralı hərbi qulluqçulara həmin mərkəzlərdə peşəkar tibb işçiləri tərəfindən yüksək diqqət və qayğı göstərilir.
Bir sıra hərbi qulluqçular müalicə prosesi başa çatdıqdan sonra xidməti davam etdirmək üçün Silahlı Qüvvələrimizin sıralarına qayıdacaqlar.