Azərbaycandakı sosial şəbəkələrdə və forumlarda Nabran qəsəbəsinin ərazisindəki “Nabran” istirahət mərkəzində Bakı şəhər sakini, azyaşlı İmran Cəfərzadənin ağır xəsarət alması haqqında yazırlar
O, hovuzda çimərkən su çəkən borunun pərlərinin arasına düşüb və ayağından məhrum olub.
Oxu.Az xəbər verir ki, uşağın səhhəti haqqında məlumat almaq üçün Day.Az-ın əməkdaşı İmranın xalası Əzizə Baxşıyeva ilə əlaqə saxlayıb.
Onun sözlərinə görə, məsələ ilə bağlı cinayət işi açılıb.
“Dünən səhər müstəntiq bizə zəng elədi və dedi ki, gəlib ifadəmizi alacaq. Dünən axşam isə zəng eləyib dedi ki, istirahət mərkəzinin sahibləri ilə əlaqə saxlayıb və onlar bizə baş çəkəcəklər. Amma hələ ki, bizə heç kim zəng vurmayıb, uşağın səhhəti ilə maraqlanmayıb. Əməliyyat xərclərini öz gücümüzə ödədik”, - o əlavə edib.
Əzizə xanımın sözlərinə görə, uşaq hazırda Mərkəzi Klinik Xəstəxanadadır. İmran çoxlu qan itirib. Dünən axşam onu palataya köçürüblər. Onun güclü ağrıları var. Çünki ayağının biri yoxdur. Hər iki omba sümüyü isə sınıb.
“İkinci ayağı da dağılmış vəziyyətdə idi. Sümüklərinin yalnız 40 faizi qalmışdı. Həkimlər onları, demək olar ki, hissə-hissə yığıblar. İkinci ayağının qalacağına ümid də 50 faizdir.
Bilinmir ki, sümüklər böyüyəcək, ya yox. Həkimlər deyirlər ki, infeksiya ehtimalı çox yüksəkdir. Yeganə ümidimiz uşağı xaricə aparıb müalicə etməkdir. Bunun üçün isə külli miqdarda pul lazımdır”.