Son zamanlar ən aktual suallardan və mövzulardan biri də xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmasıdır. Uzun illər əziyyət çəkib xaricdə təhsil alanların çoxu universiteti bitirdikdən sonra diplomunun Azərbaycanda tanınmasında problemlərlə üzləşirlər. Bu mövzu ilə bağlı çox sayda suallar verilir və hazırda da aktualdır.
Oxu.Az bu sualları cavablandırmaq üçün araşdırma aparıb.
Hüquqşünas Rahim Abıyev xaricdə təhsil alan tələbələrin diplomlarının ölkəmizdə tanınmasının aşağıdakı qanunlarla tənzimləndiyini bildirdi:
“Bu, Azərbaycan Respublikası Təhsil Haqqında Qanunun 27-ci Maddəsində (Təhsil haqqında dövlət sənədi) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il, 64 N-li Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” və Ali Təhsilin bakalavr pilləsi ixtisasların (proqramlarının) siyahısının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il 8 N-li Qərarı, 24 aprel 2009-cu il 70 N-li Qərarında yer alıb.
Azərbaycan xarici universitetlərin diplomlarının ölkəmizdə tanınması ilə bağlı beynəlxalq konvernsiyalara qoşulub. Avropa təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı BMT-nin Paris Konvensiyasına, Asiyada təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı Asiya Sakit okean - Bankqok Konvensiyasına, YUNESKO-nun Avropa Şurası ilə birlikdə hazırladığı Avropa regionu üzrə ali təhsil sahəsində ixtisasların qarışılıqlı tanınması haqqında Lissabon Konvensiyasına, eləcə də “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” Haaqa Konvensiyasına qoşulub. Bu konvensiyaya qoşulan dövlətlər arasında sənədlərin qarışılıqlı tanınması üçün “Apostil” olmalıdır.
“Apostil” o zaman tələb olunmaya bilər ki, təhsil sənədinin alındığı və tanınması üçün təqdim olunduğu ölkələr arasında leqalizasiya tələbini aradan qaldırmaq və beynəlxalq hüquqi qarışılıqlı yardım üçün müqavilə imzalansın. “Haaqa Konvensiyasına qoşulmayan xarici ölkələrdə alınan ali təhsil haqqında sənəd və ona əlavə sənədi verən ölkənin Təhsil Nazirliyində müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının sənədi verən ölkədəki səfirliyində (konsulluğunda) leqallaşdırmalıdır.
Yuxarıda qeyd etdiyimiz qaydalara əsasən, Təhsil Nazirliyi tərəfindən “Apostil” sənədi də tələb olunur”.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov Oxu.Az-a açıqlamasında bildirdi ki, əgər ali təhsil müəssisəsi fəaliyyət göstərməsi üçün bütün zəruri sənədlərə malikdirsə və verdiyi təhsil sənədi fəaliyyət göstərdiyi ölkə tərəfindən tanınırsa, Azərbaycan Respublikası da həmin təhsil müəssisəsini tanıyır. Əlavə olaraq qeyd etdi ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsinə (www.nostrifikasiya.edu.az) daxil olmaqla ENİC-NARİC bölməsindən ölkə ərazisində tanınan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür.
Hazırda xaricdə elə bir universitet yoxdur ki, Təhsil Nazirliyi tərəfindən oranın diplomu nostrifikasiyadan keçmədən birbaşa tanınsın. Təhsil Nazirliyinin akkreditasiya və nostrifikasiya idarəsi diplomun tanınmamasının əsas səbəbləri olaraq tələbənin təhsil aldığı müddətdə Azərbaycana giriş-çıxışı arasında uyğunsuzluğu və təhsil aldığı dili bilməməsini göstərir.
Son olaraq, xaricdə təhsil almaq istəyən abituriyentlərə univeristet seçmədən əvvəl diplomun tanınma qaydaları ilə Təhsil Nazirliyinin saytı, o cümlədən akkreditasiya və nostrifikasiya idarəsinə müraciət edərək geniş şəkildə tanış olmaq lazımdır. Nəzərə alın ki, Təhsil Nazirliyinin xaricdə təhsil proqramına əlavə edilmiş universitetlərə üstünlük vermələri məsləhət görülür. Bundan başqa, universitetin reytinq cədvəlində ön sıralarda olması da üstünlük kimi qəbul edilir.
Zülfiyyə Qurbanova
www.oxu.az