Bu günlərdə məşhur “EurasiaNet.org” internet resursu Qafqazda mətbəxin xalqlar və ölkələr, xüsusiləd ə Azərbaycanla Ermənistan arasında mübahisə predmeti olması barədə məqalə dərc edib.
Mark Hey adlı səyahətçi özünün “Roads & Kingdoms” bloqunda Azərbaycan mətbəxinin heyrətamiz ənənələri, o cümlədən milli yemək olan, hazırlanmasında qoyun başı, ayaqları və mədəsinin istifadə olunduğu xaşın hazırlanmasından yazıb. Bu, çox uzun çəkən və xüsusi ustalıq, vərdişlər tələb edən çətin prosesdir. Lakin Mark Heyin bloqunda məni bir məqam özünə cəlb etdi. Hey yazır ki, azərbaycanlılar üçün xaş təkcə mətbəx nümunəsi deyil, o, həm də siyasi çalar daşıyır. Bloqqer yazır:
“Xaşın təmiz Azərbaycan yeməyi kimi təqdim olunması azərbaycanlılar üçün Florida və ya Massaçusets ştatlarının Layma, ya da Bostonun krem piroqunun reseptlərinin yalnız onlara məxsus olması barədə iddialarından daha çox əhəmiyyət kəsb edir. Azərbaycanda yemək siyasi çalarlara malikdir, çünki Qafqazda bu və ya digər yeməyin hüquqları uğrunda mübahisələr regional ölkələrin münaqişəsinə də gətirib çıxarıb.
Sovetlər vaxtı Qafqaz müxtəlif etnik qrupların məcburi qovulduğu yer olub. Sonradan Qafqaz müxtəlif xalqların torpağa olan etnik-tarixi iddiaları sayəsində və kifayət qədər mübahisəli olan sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqədar dağıntı və zorakılığa məruz qalıb. Son onillik çox sakit keçir. Buna baxmayaraq, qarşılıqlı ittihamlar hələ də mövcuddur, xüsusilə də Azərbaycan və Ermənistan arasında (hər iki dövlətin münasibətləri bu gün də gərgindir). Digər tərəfdən, bu tendensiya mədəniyyətin, fərqli xüsusiyyətlər və fərdiliyin pozulmasına gətirib çıxarır. Ölkələr arasında atəşkəs rejimi mövcud olsa da, hər iki ölkə bu gün də geniş mədəni müharibə apararaq, bu və ya digər yeməyin öz mətbəxinə məxsus olması barədə mübahisə edirlər.
Məsələn, Ermənistan Azərbaycanın paytaxtı Bakıda keçirilən “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina etdi. Azərbaycan isə Dağlıq Qarabağın hava limanında enmək istəyəcək mülki erməni təyyarələrini vurmaqla təhdid edir. Azərbaycanda “Daş yuxular” adlı romanın müəllifi, keçmiş xalq artisti Əkrəm Əylisliyə qarşı etirazları da qeyd etmək lazımdır. Bu əsər Azərbaycanda çox mənfi qarşılandı, çünki müəllif erməni xalqına ürəyiyananlıq edirdi. Azərbaycanda bu əsəri erməniyönümlü hesab edirlər. Lakin Mərdəkanda dadlı xaş yeyərkən hər şey mənə aydın oldu: bu gün Azərbaycanda yemək əsl cəbhə xəttidir.
Bloqda qeyd olunduğu kimi, xaş Qafqazda qida mübahisələrinə gətirmiş yeganə yemək deyil. Belə yeməklərə mənşəyi uğrunda regional səviyyədə mübahisə aparılan dolma və şərab da aiddir. Görünür, indi biz xaşı da təkcə əla ətri yox, həm də siyasi çalarları ilə fərqlənən yeməklərin siyahısına əlavə etməliyik.
www.ann.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin