Xırdalan şəhərində məktəblilərin və digər piyadaların istifadə etdikləri keçidin yol nişanlanmasının silinməsi ilə bağlı məsələyə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) münasibət bildirilib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, Xırdalan şəhəri, Qalubiyə küçəsində məktəb ətrafındakı piyada zolağında nişanlanma xəttinin silinməsi ilə bağlı məsələ Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb.
Məlumatda bildirilib ki, bu barədə aidiyyəti qurum məlumatlandırılıb.
Xırdalan şəhərində məktəblilərin və digər piyadaların istifadə etdiyi keçidin yol nişanlanmasının silinməsi ilə bağlı məsələyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) münasibət bildirilib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, sözügedən ərazidə yaxın günlərdə yol nişanlanma xətlərinin yenilənməsi həyata keçiriləcək.
Abşeron rayonu, Xırdalan şəhərində piyada zolaqlarından birinin yol nişanlanmasının silinməsi təhlükəli vəziyyət yaradır.
Bu barədə Oxu.Az-a müraciət daxil olub.
Sakinlər bildiriblər ki, Qalubiyyə küçəsində yerləşən piyada keçidindən hər gün məktəbə, bağçaya gedən uşaqlar və digər piyadalar istifadə edirlər. Lakin keçidin üzərindəki zolaq görünməz haldadır.
Sakinlər müraciətlərində diqqətə çatdırıblar ki, xüsusilə keçidin sağ tərəfindəki işarənin və yol üzərindəki nişanlanmanın mövcud vəziyyəti piyadaların həyatı baxımından narahatlıq doğurur.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.