Baharın ətri Novruzla hiss olunur. Əbəs yerə sevimli şairimiz Ramiz Rövşənin misralarındakı kimi “Novruz gəlib, yaz gəlib” deyilmir. Təbiətin oyanışı insana yeni ruh verir, yeni həyat bəxş edir. Bu bayramın ən gözəl adət-ənənələrindən biri insanları birliyə, həmrəyliyə dəvət etməsidir. Elə “Ailələrin inkişafı üzrə maarifləndirmə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Active Mom`s Club” da ailə münasibətlərinin arasına daxil olduğu texnologiyadan, müasir dövrün problemlərindən, gərgin işlərdən uzaqlaşdıraraq bu adət-ənənəni yerinə yetirdi.
Oxu.Az xəbər verir ki, “Active Mom`s Club” üzvü olan analar öz ailələri ilə birlikdə 70 nəfər Novruzu Bakıdan 104 km aralıda, ən gözəl bölgələrimizdən biri olan Xızı dağlarında qeyd etdi.
Altıağacda ailələrin Novruz sərgüzəşti başlamış oldu. Gəzinti 2 gün, bir gecə təşkil olunmuşdu. İlk gün Xızıya qədəm qoyan qonaqlarımızı maraqlı sürprizlər gözləyirdi. Əsl Novruz ab-havasını bəxş edən Keçəl, Kosa, kəndirbaz, milli musiqilər, ocaqüstü sacda qovrulan qovurğa, Xızının gözəl və bacarıqlı xanımlarının bişirdiyi şəkərburalar əhval-ruhiyyəni daha da yüksək etmiş oldu.
Müxtəlif milli oyunlar, aktivitələr kiçikdən böyüyə hər kəsin ürəyincə oldu. Bunu onların çöhrəsində olan təbəssümdən də demək olardı. Bu oyunlar təkcə əylənmək üçün təşkil edilməmişdi. Ailədə komanda ruhu yartmaq, birgə qərar vermək, birgə addımlamaq və qələbəni də, məğlubiyyəti də birgə yaşamaq hissini bəxş etmək idi.
Uşaqların gülüş səsi yazın gəlşini bildirən quşların cəh-cəhinə qarışmışdı. Novruz şənliyində onların payına təkcə əylənmək düşmədi. Milli şirniyyatımız olan şəkərbura bəzəmək, qovurğa bişirmək üsullarını da öyrəndilər. Rəqslər, oyunlar, yüksək əhval-ruhiyyənin yaratdığı isti ab- hava soyuq havanın təsirini azaltmış oldu.
Gün ərzində baş tutan əyləncə axşam saatlarında da davam etdi. Bu dəfə Novruz tonqalı ətrafında, aşıq sədaları altında. Əyləncənin səsini aşığın əllərindəki sazdan eşitmək mümkün idi. Tonqal ətrafında yallı, müxtəlif rəqslər, yumurta döyüşü, kiçik oyunlar, Novruz xınasının yaxılması, tonqaldan tullanma... Beləcə gecənin səssizliyini pozan “Active Mom`s Club” ailələri üçün təşkil olunan bayram şənliyi ilk gününü yekunlaşdırmış oldu.
Səhəri dumanlı hava ilə açan qonaqlarımız üçün kiçik ekskursiya təşkil olundu.
Uşaqlarımıza, ailələrimizə, ətrafımıza ağac və yaşıllıq sevgisini aşılamaq, bu sevgini artırmaq, ətraf mühiti qorumaq üçün təşkil olunan aksiyada kiçiklər ilk fidanlarını torpağa verərək ailələri ilə ona can suyunu da verdilər. Böyüklər üçün isə torpağa toxunmaq, bütün mənfi enerjini dəf etmək üçün bundan yaxşı fürsət ola bilməzdi. Əkdikləri ağacla xatirə şəkilləri çəkdirən ailələr üçün əyləncə hələ davam edirdi. Altıağac ərazisində gəzən “Active Mom's Club” üzvləri daha sonra istirahət mərkəzi ərazisində fəaliyyət göstərən heyvanxanaya da baş çəkdilər.
Beləliklə, Novruz gəzintisi başa çatdı. İstirahət mərkəzindən ayrılan zaman ailələr arasında yaranan daha möhkəm bağlarla yanaşı, gözəl dostluq da yaranmışdı. Vida zamanı bir-birini bərk qucaqlayan uşaqların dostluğu, üzlərindəki məmnuniyyət təbəssümü ilə valideynlərinə baxmalarından demək olar ki, Azərbaycanda fəaliyyət göstərən yeganə analar cəmiyyəti “Active Mom's Club” məqsədinə çatmış oldu.
A.S.