Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) 2026-ci ilin ilk 6 ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.
Bildirilib ki, müşavirədən əvvəl rəhbər heyət xidmətin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir ulu öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev giriş nitqində bildirib ki, hesabat dövründə ölkədə informasiya təhlükəsizliyi mühitinin daha da möhkəmləndirilməsi, dövlət informasiya ehtiyatlarının etibarlı mühafizəsi, kritik informasiya infrastrukturunun dayanıqlığının artırılması, eləcə də xüsusi dövlət rabitə sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin olunması məqsədilə kompleks tədbirlər ardıcıl şəkildə həyata keçirilib.
Həmçinin xidmət rəisi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən informasiya təhlükəsizliyi sahəsinə göstərilən diqqət və dəstək nəticəsində XRİTDX-nin institusional potensialı və texnoloji imkanları əhəmiyyətli dərəcədə genişlənib, müasir rabitə infrastrukturu daha da təkmilləşdirilib, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əlaqələri möhkəmləndirilib və qarşılıqlı fəaliyyətin əhatə dairəsi genişləndirilib. O bildirib ki, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində dövlət siyasətinin ardıcıl həyata keçirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və strateji sənədlərdən irəli gələn vəzifələrin vaxtında icrası XRİTDX-nin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Dövlət qurumlarının informasiya resurslarının şəbəkə səviyyəsində etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə "AzStateNet" şəbəkəsində tətbiq olunan yeni nəsil təhlükəsizlik həlləri vasitəsilə URL əsaslı 8.5 milyona yaxın təhlükəli keçid, həmçinin virus, casus proqram və digər zərərli fəaliyyət əlamətləri daşıyan 4 milyondan artıq şəbəkə trafiki bloklanıb. Eyni zamanda "Sandbox" mühafizə sistemi tərəfindən 64 mindən artıq zərərverici tərkibli fayl aşkarlanaraq zərərsizləşdirilib və son istifadəçilərin yoluxmasının qarşısı alınıb.
Həmçinin xidmət rəisi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, son istifadəçilərin kibertəhlükələrdən qorunmasının təmin edilməsi məqsədilə 6 ay ərzində ümumilikdə 2.5 milyona yaxın kibertəhdid zərərsizləşdirilib. Onlardan 700 mindən artığı mərkəzləşdirilmiş antivirus sistemi, qalanları isə digər müasir kibertəhlükəsizlik həlləri vasitəsilə bloklanıb. Qeyd olunub ki, əldə olunan nəticələr dövlət qurumlarında tətbiq edilən çoxsəviyyəli və mərkəzləşdirilmiş kibermüdafiə mexanizmlərinin yüksək effektivliyini bir daha təsdiqləyir.
Xidmət rəisi bildirib ki, hesabat dövründə dövlət elektron poçt xidmətinin fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin olunması məqsədilə 8 milyondan artıq elektron məktub emal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Emal olunan məktubların 5.7 milyonu istifadəçilərə təhlükəsiz şəkildə çatdırılıb, 2.6 milyondan çoxunun isə zərərli tərkibli olduğu müəyyən edildiyindən bloklanıb.
Müşavirədə cari ilin ilk altı ayı ərzində informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, xüsusi və dövlət rabitəsi sahələrində həyata keçirilmiş tədbirlər, icra olunan layihələr, əldə edilmiş nəticələr, qarşıdakı dövr üzrə prioritet fəaliyyət istiqamətləri, həmçinin xüsusi rabitə infrastrukturunun müasirləşdirilməsi, dövlət orqanları arasında mühafizə olunan rabitə kanallarının etibarlılığının artırılması, məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi və rabitə sistemlərinin dayanıqlılıq və ehtiyatlılıq mexanizmlərinin gücləndirilməsi istiqamətində görülən işlərin icra vəziyyəti ətraflı təhlil olunub. Hesabat dövründə kadr hazırlığı və peşəkar bilik mübadiləsi sahəsində əldə olunan nəticələr də yüksək qiymətləndirilib. Bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi, praktiki bacarıqların inkişafına xidmət edən təlim proqramlarının və müasir laboratoriya mühitlərinin yaradılması ilə bağlı tapşırıqlar verilib.
Müşavirə zamanı xidmətin struktur bölmələrinin rəhbərlərinin hesabatları dinlənilib, 2026-cı ilin ilk altı ayında görülmüş işlərin nəticələri ətraflı müzakirə olunub, mövcud vəziyyət qiymətləndirilərək qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətləri və prioritet vəzifələr müəyyənləşdirilib.
Müşavirənin yekununda xidmətin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, kibermüdafiə imkanlarının gücləndirilməsi, rəqəmsal təhlükəsizlik sahəsində qabaqlayıcı tədbirlərin genişləndirilməsi və strateji hədəflərin vaxtında icrasının təmin olunması ilə bağlı aidiyyəti struktur bölmələrə konkret tapşırıqlar verilib.