Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xüsusi rejim qərarından sonra işə getməyənlərin maaşları necə ödəniləcək? - ŞƏRH
Ölkə ərazisində koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı yoluxma hallarının minimuma endirilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən bir aylıq xüsusi rejimin tətbiq edilməsinə qərar verilib. Təbii ki, qərar əsasında bütün dövlət və özəl qurumlar müvafiq tədbirlər görüb.
Lakin bütün bunlarla yanaşı, insanlar bəzi suallarına cavab tapa bilmirlər. Xüsusən də, dövlət və özəl müəssisələrdə çalışan şəxslər ay sonunda məvacibləri hansı formada alacaqlarını bilmir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq ləğv edilən iş günlərinə görə işçilərin maaşları kəsiləcəkmi?
Maaşların verilməsində kəsilmə olacaqsa, bu hansı meyarlar əsasında hesablanacaq? Həmin proses həm dövlət, həm də özəl müəssisələrdə eyni şəkildə aparılacaq, ya yox?
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov cavablandırıb. Onun sözlərinə görə, insanları narahat edən bu məqam, təəssüf ki, Əmək Məcəlləsində normal şəkildə tənzimlənmir:
“Təəssüf ki, bu məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsində normal qaydada tənzimlənməyib. Belə ki, Əmək Məcəlləsində işçilərin boşdayanma halları zamanı əməyin ödənilməsi məsələsinə dair bir sıra məqamlar yer alır. Amma həmin sənəddə bu vəziyyətin hansı müddət arasında qüvvədə olacağı qeyd edilmir. Sözügedən maddəyə əsasən, məsələn, işçinin günahı olmadan boşdayanma halı olursa, bu zaman işçilərə tarif (vəzifə) maaşının üçdə ikisindən az olmayan həcmdə ödəniş edilir. Əgər şəxsin vəzifə tarif maaşı 300 manatdırsa, deməli, azı 200 manat ödənilməlidir. Amma Məcəllədə boşdayanmanın hansı müddətə qədər tətbiq ediləcəyi konkret göstərilməyib. Yaxşı olardı ki, qanunda bunun 1 ay və ya misal üçün, 5 aylıq bir müddətə nəzərdə tutulduğu qeyd olunsun. Bildiyim qədərilə dövlət müəssisələrində çalışan işçilərin əmək haqları tam şəkildə ödəniləcək.
Başqa bir məqam isə qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətlə bağlıdır. Koronavirusu təbii fəlakət hesab etsək (artıq Ümumdünya Səhiyyə Təşkilatı bunu elan edib) və boşdayanma uzun müddət davam edərsə, 146-cı maddə işə düşə bilər. Bir şərtlə ki, bu, kollektiv müqavilədə, ya da əmək müqaviləsində əksini tapmış olsun. Əgər kollektiv və ya əmək müqavilələrində təbii fəlakət, texniki qəza nəticəsində istehsalın dayanması, işi davam etdirməyin mümkün olmadığı (işçilərdən asılı olmayan səbəblərdən) nəzərdə tutulubsa, işçilər ödənişsiz məzuniyyətə göndərilə bilər. Lakin bu gün bir çox yerlərdə əmək müqaviləsi tətbiq edilmir. Əmək müqaviləsi ilə işləyən işçilərin müqavilələrində isə standart maddələr yer aldığından, bu kimi məqamların razılaşdırılmasının qeyd edildiyini düşünmürəm”.
Hüquq müdafiəçisi mövcud vəziyyətlə əlaqədar müvəqqəti qanunvericiliyin hazırlanması ilə bağlı təklif irəli sürdüyünü bildirib:
“Əmək münasibətlərinin tənzimlənməsi üçün düşünürəm ki, bu məqamlar xüsusilə nəzərə alınmalıdır. Ölkə ərazisində elan edilən xüsusi rejimlə əlaqədar müvəqqəti qanunvericilik hazırlanması yaxşı olardı. Çünki bir məqam da insanların özünü izolyasiya halı ilə bağlıdır.
Şəxs özündə virus ola bilməsindən şübhələnir və ya şübhəli şəxslərlə ünsiyyətdə olduğu üçün özünü izolyasiya etmək istəyir. İşə gəlməyərək həm özünün, həm də kollektivin təhlükəsizliyini təmin etməyə çalışır. Bəs əgər şəxs özünütəcridə keçirsə, necə olacaq? İşəgötürənlər sonradan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsinə xitam verəcək?
Bu səbəbdən mütləq şəkildə xüsusi rejim müddəti üçün müvəqqəti qanunlar qəbul olunmalıdır. Bu arada biznesin də maraqları nəzərə alınmalıdır. Kiçik sahibkar (lap elə iri sahibkar) qazanc əldə edə bilmirsə, işçilərin əməyini ödəyə bilməyib müflis olacaq. Hökumət bu məsələdə dəstək barədə fikirləşir. Bu yaxşı haldır. Amma digər məsələlərə təcili reaksiya verilməlidir”.
Xatırladaq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində sözügedən məsələlərlə bağlı bir sıra maddələr qeyd olunub. ƏM-nin 70-ci maddəsinin (ç) bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya bu Məcəllənin 72-ci maddəsində (Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar) sadalanan hallar qeydə alındıqda işəgötürən tərəf əmək müqaviləsini ləğv edə bilər.
169-cu maddədə isə boşdayanma vaxtı əməyin ödənilməsinin hansı formada tənzimlənməsi qeyd olunub. Belə ki, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxsə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir. Lakin işçinin təqsiri üzündən qeydə alınan boşdayanma vaxtı ödənilmir.
Məcəllənin 146-cı maddəsində isə müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi qaydaları qeyd olunub. Bu halda iki məqam nəzərə alınır:
1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərdə və qaydalarda işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.
Könül Cəfərli