Jurnalistlərin bir qrupunun Azərbaycan prezidenti ilə görüşünün yekunları ilə bağlı, tədbirin bir sıra iştirakçıları KİV-lərə bu barədə verdikləri şərhlərdə bazar günü dövlət başçısının qərargahında keçirilən görüşdə İlham Əliyevin çıxışının və aparılan müzakirələrin mövzusunun jurnalistikanın ölkədə inkişafı üçün növbəti impuls olacağını proqnozlaşdırmağa imkan verdiyini bəyan ediblər.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, “Yeni Müsavat” qəzetinin yazdığına görə, dəyişiklikləri gözləmək üçün elə də çox vaxt lazım olmayıb.
“Günün fotosu budur. Bunu jurnalist Pərvin Abbasov çəkib, rast olub, lentə alıb, yayıb. Bu, kimlər üçünsə adi şəkildir, heç nəyi ifadə etmir, amma bu foto oxucular və jurnalistlər üçün adi şəkil deyil, hesabda geri olduğun oyunda vəziyyəti öz xeyrinə dəyişməkdir. Dünənə qədər “Yeni Müsavat”-ı köşklərin vitrininə qoymurdular. Prezidentlə jurnalistlərin görüşündən sonra isə vəziyyət bu şəkildə və şəkildəki kimi dəyişib.
Bağlanmaq təhlükəsi qarşısında qalan qəzetlər göz önünə çıxarılıb. Hələ verilən informasiyaya görə, qəzetlərin satışını daha da səmərəli etmək üçün bəzi qərarlar da verilib. Başqa sözlə, müstəqil qəzetlərin oxucuya, alıcıya çatması problematik olmayacaq. Bu mənzərənin kimin xidməti olduğunu vurğulamağa lüzum yoxdur. Bilənlər bilir. Ancaq dövlət başçısı ilə redaktorların görüşünü "xəyanət" kimi damğalayanlar, qələmə verənlər vardı” – “Yeni Müsavat” yazır.
Qəzetdə o da qeyd olunur ki, o görüş olmasaydı, bu gün müxalifət mətbuatı ən ağır günlərini yaşayacaqdı.
“Onda yaxşımı olacaqdı?” – qəzet yazır.
Xatırladaq ki, görüşdə Prezidentə qəzetlərin satışı və çatdırılması ilə əlaqədar mətbuat KİV-lərinin üzləşdikləri problemlər barədə məlumat verilib.
Dövlət başçısı belə problemlərin mövcudluğunun yolverilməz olduğunu qeyd edib və aidiyyatı olan məmurlara sözügedən vəziyyəti araşdırmaqla bağlı göstəriş verib.
