Baku TV-nin "Aktual Gündəm" verilişində zəlzələ təhlükəsi, binaların dayanıqlılığı və seysmik xəritələrin elmi əsasları ilə bağlı müzakirə aparılıb.
Oxu.Az xəbər verir ki, müzakirədə iştirak edən Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli Abşeronun seysmik xəritədə 8 ballıq zona kimi göstərilməsinin düzgün olmadığını bildirib.
Onun sözlərinə görə, 1991-ci ildə Spitak zəlzələsindən sonra 7 ballıq göstərici heç bir elmi əsas olmadan mexaniki şəkildə 8 bala dəyişdirilib. Müzakirənin ən diqqətçəkən məqamı isə binaların zəlzələyə davamlılığı ilə bağlı səsləndirilən sual olub. "Neçə balda yıxılıb öləcəyik? Onu bizə deyin, bilək ki, binalarımızı neçə bal üçün tikmisiniz", - deyə proqramın aparısıcı Elçin Əlibəyli bildirib.