Zərdabda şadlıq sarayında yetkinlik yaşına çatmayan qıza toy mərasimi təşkil olunması ilə bağlı yeni detallar məlum olub.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, oğluna toy edən ata qərarların mövcudluğundan xəbərsiz olduğunu iddia edib:
"9 mindən artıq xərc çəkmişəm, min manat da cərimə ediblər. Toy baş tutmadı, üstəlik toydan sonra evimdə yas oldu. Gəlin də gətirə bilmədim. Bir tərəfdən cərimə, bir tərəfdən oğluma çəkdiyim xərc məni çətin vəziyyətə salıb", - ata bildirib.
Ətraflı süjetdə:
Zərdabda erkən evliliyin qarşısı alınmaqla yanaşı, valideynlər 1000 manat, erkən evliliyin baş tutmasına şərait yaradan ictimai iaşə obyektinin sahibi isə 1500 manat məbləğində cərimə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, Zərdab rayonu "Natiq" şadlıq sarayında erkən evlilik halının baş verməsi məlumatı daxil olub, dərhal informasiya aidiyyəti qurumlara ötürülüb, araşdırmalara başlanılıb:
"Məlum olub ki, bəyin 32, gəlinin isə 17 yaşı var. Hər iki tərəfin valideynləri ilə söhbət aparılıb, Bunun qanunvericiliklə qadağan olunduğu izah edilib.
Məclisin keçirilməsi təxirə salınıb. Bundan əlavə, tədbirin keçirilməsinə göz yuman ictimai iaşə obyektinin sahibi barəsində də inzibati qaydada protokol tərtib edilib".
Aygün Mirakif
Zərdabda şadlıq saraylarından birində yetkinlik yaşına çatmayan qıza toy mərasiminin keçirilməsinin qarşısı alınıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, polis əməkdaşları məclisin keçirildiyi şadlıq sarayına gedərək qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçiriblər.
Araşdırmalarla bəyin 32, gəlinin isə 17 yaşında olduğu müəyyənləşib. Hər iki tərəfin valideynləri ilə söhbət aparılıb, bunun qanunvericiliklə qadağan olduğu izah edilib. Məclisin keçirilməsi isə təxirə salınıb.
Bundan əlavə, məclisin keçirilməsinə göz yuman şadlıq sarayının sahibi barəsində də inzibati qaydada protokol tərtib olunub və sonuncu məsuliyyətə cəlb olunub.