Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Lütfi Məmmədbəyov – 87
Bu gün Azərbaycanın xalq artisti, “Qızıl Dərviş” mükafatı laureatı Lütfi Məmmədbəyovun doğum günüdür.
Oxu.Az xəbər verir ki, Lütfi Şahbaz oğlu Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub.
Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1961-1966) təhsil alıb. 1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib, 40-cı illərin sonunda bu teatr müvəqqəti olaraq bağlanarkən Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub.
1961-ci ildə Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub.
Respublikada ilk çoxseriyalı televiziya filminin (teleserialın) rejissoru da Lütfi Məmmədbəyov olub - Əlibala Hacızadənin əsəri əsasında 12 seriyalı “İtkin gəlin”.
“Qızıl Dərviş” mükafatı laureatı, xalq artisti (1991) Lütfi Məmmədbəyov 1 fevral 2004-cü ildə vəfat edib.
Aytən Sadıqzadə
www.oxu.az