Mar
2019
10:19
180
29
10974
Virtual karabakh

Kinomuzun Ulduzu və Maya bacısı

2 Mar, 2019
10:19
10974

Kinomuzun Ulduzu və Maya bacısı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tamilla Rüstəmova...

Bu ad, bu soyad, yəqin ki, bir çoxlarına, xüsusilə ötən əsrin 70-ci illərinin sonları-80-ci illər və iki mininci illərdən bu yana gələn nəslə heç nə demir.

Onları buna görə qınamaq da olmaz, çünki onlar dünyaya gəlib, ağılları kəsən vaxtlarda artıq bu adda, bu soyadda şəxs Azərbaycanda yox idi. Ancaq 1970-ci illlərin əvvəllərindən o yana olan nəslin nümayəndələri üçün bu ad çox tanış gəlir.

Bu, uzun illərdir ekran qarşısında oturub maraqla seyr etdiyimiz “Ulduz” və “Böyük dayaq” filmlərində yaddaqalan obrazlar - Ulduz və Maya bacı obrazlarını yaradan, Azərbaycanın ən tanınmış və görkəmli bəstəkarlarından olan mərhum Səid Rüstəmovun qızı Tamilla Səid Qızı Rüstəmovadır.

Qeyd edək ki, Tamilla xanım çox erkən yaşlarında sənətə gəlsə də, cəmi dörd filmə - “Ulduz”, “Böyük dayaq”, “Zirvə” və “Axırıncı aşırım” filmlərinə çəkilsə də, qısa müddət ərzində tanınsa da, şöhrətlənsə də, onun sənət yolu uzun çəkməyib.

O, tezliklə sənət, kino həyatından uzaqlaşıb. Buna da səbəb onun Qnesinalar adına Musiqi İnstitutunun fortepiano ixtisası üzrə təhsil alarkən həmin institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək, Riqaya köçüb yaşması olub.

Qeyd edək ki, Tamilla xanım sonradan yenidən vətəninə, Bakı şəhərinə dönərək, kinoya deyil, öz sənətinə üz tutub, onu davam etdirməklə məşğul olub.

Yəni Bülbül adına məşhur musiqi məktəbində gözdən-könüldən uzaq bir tərzdə piano müəllimi kimi fəaliyyətini davam etdirib. “Gözdən- könüldən uzaq” sözünü də təsadüfən işlətmədik. Çünki Bakıda yaşadığı dövrdə mətbuatdan, televiziyadan, ictimai, qaynar həyatdan kənarda dayanmağa üstünlük verib.

Tamilla xanım cəmi bir dəfə səssizliyini pozub. Bu, 1997-ci ilin əvvəllərində baş verib.

Həmin vaxt işlədiyim media orqanının yerləşdiyi ofisə ( “Elm və həyat” jurnalının keçmiş redaksiyasına) gedərkən Bülbül adına məktəbin kənarında gözümə bir xanım dəydi və bu sima mənə tanış gəldi.

Bir qədər yaxınlaşıb baxdım və zənnimdə yanılmadığımı gördüm, özü idi - bir zamanlar kinomuzun ulduzu olmuş Ulduz, Maya bacı obrazlarının ifaçısı Tamilla Rüstəmova.

Hiss etdirmədən, heç nə demədən yoluma davam edib getdim, amma maraq hissi məni rahat buraxmadı, işdən çıxanda Bülbül adına məktəbin gözətçisinə yaxınlaşdım və belə bir adda şəxsin orada işləyib-işləmədiyini soruşdum. O təsdiqlədi ki, Tamilla xanım orada piano dərsləri verir. 

Dəqiq yadımda deyil, ya iş, ya da ev nömrəsini öyrənib Tamilla xanıma zəng vurdum, əvvəl razılıq vermək istəməsə də, sonra müsahibəyə razılaşdı və onunla vədələşib müsahibəyə getdim.

Bir qədər yaşlaşmış və kökəlmiş olsa da, yenə də əvvəlki gözəlliyi, gözəl təbəssümü olduğu kimi qalmışdı. Səsinin tonu da əvvəlki kimi idi - çox sakit, çox ahəstə, çox qəlbəyatan.

Müsahibəni aldıqdan və işlədiyim qəzetdə dərc etdirdikdən sonra yenidən - müsahibəyə baxması üçün onunla danışdım və bir azdan özü zəng edərək, müsahibəyə görə minnətdarlığını ifadə etdi. Bundan sonra Tamilla xanım yenə guşənişinliyinə davam etdi, mediaya, geniş ictimaiyyətə görünmədi.

Bugünlərdə həmin müsahibəyə növbəti dəfə göz atarkən, Tamilla xanımla yenidən görüşmək, məqbul sayarsa, müsahibə almaq istəyi məndə yarandı.

Yaxından tanıdığım və sənətə aləminə çox yaxın olan tanışlarımdan birinin övadının Bülbül adına məktəbdə işlədiyini öyrəndim və məhz onun vasitəsilə Tamilla xanımla maraqlandım. Öyrəndim ki, tanışımın övladı vaxtilə Tamilla xanımın nəvəsi İnara xanımla Bülbül adına  məktəbdə bir sinfidə oxuyub, yaxın rəfiqə olublarmış.

Amma günlərin bir günü İnara da daxil olmaqla, Tamilla xanımgilin yenidən Azərbaycanı tərk edərək, Rusiyaya, Movskva şəhərinə köçdüklərini eşidib, bundan sonra isə onlarla əlaqə mümkün olmayıb.

Ancaq tək bilinən odur ki, artıq neçə illərdir Tamilla xanımgil Azərbaycanda kənarda, Moskvada yaşamaqdadırlar.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri